Bakıda sinaqoqda  terror törətmək   istəyən İŞİD-çiyə HÖKM OXUNDU
27 oktyabr 2025 19:11 (UTC +04:00)

Bakıda sinaqoqda terror törətmək istəyən İŞİD-çiyə HÖKM OXUNDU

0

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin vəkilinin çıxışı ilə davam edib. O, müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.

Təqsirləndirilən Abdulla Əliyev əməlindən peşman olduğunu söyləyib. Müşavirədən sonra vəkilin vəsatəti təmin olunmayıb və təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Abdulla Əliyev 13 il azadlıqdan məhrum edilib və cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə qərar verilib.

Xatırladaq ki, Abdulla Əliyev AR Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.

Məlumata görə, o, yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücum plandığı zaman DTX-nin peşəkarlığı sayəsində cinayət başında saxlanılıb.

Sumqayıt şəhərində yaşayan və “İŞİD Xorasan” terror təşkilatına bağlılığı olan 18 yaşlı Abdulla Əliyev Bakı şəhərinin mərkəzində yerləşən “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı genişmiqyaslı terror aktı həyata keçirməyə hazırlaşıb.

Abdulla Əliyevin “Abu Radd” ləqəbli terror liderinə beyət edərək terrorçu fəaliyyətlərə başladığı bildirilib. 2024-cü il  dekabrın 28-də Abdulla Əliyev “KİA” markalı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində yerləşən yəhudi sinaqoquna yaxınlaşıb. O, avtomobilindən çıxardığı 3 ədəd “Molotov kokteyli” və digər silahlarla içəriyə daxil olmağa cəhd edib. Amma DTX əməkdaşları onu bu əməli gerçəkləşdirə bilmədən dayandırıblar.

Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən 1 ədəd balta, 2 bıçaq və yandırıcı-partlayıcı vasitələr aşkar edilərək götürülüb.

Onun mobil telefonunda “SimpleX” ani mesajlaşma tətbiqi vasitəsilə yaratdığı “KHALIFATUL MUSLİMUN” adlı qrup aşkarlanıb. Təqsirləndirilən şəxsin “İŞİD Xorasan”ın liderlərindən biri ilə təmasda olduğu və təlimat aldığı da müəyyən edilib.

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar