Bakı Ağır Cinayətlər Məhkəməsində himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək, xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənin ifadəsi ilə davam edib.
Zərərçəkən B.S bildirib ki, ailə probleminə görə G. Novruzovaya müraciət edib:
"Günay mənə dedi ki, sənin özünə də əməl olunub, onu sənin ruhundan təmizləyə bilərəm. Bunun üçün ona 1200 manat pul verdim. Sonra dedi ki, "Bu azdır, mən işimi qızılla görürəm. Amma ağ yox, sarı qızıl verməlisən". Bu qadına ümumilikdə 360 min manat dəyərində qızıl vermişəm. Bu qadından şikayətçiyəm, dəyən ziyanın ödənilməsini istəyirəm".
Təqsirləndirilən G. Novruzova bildirib ki, zərərçəkən şəxs problemlərinin həlli üçün özü onu axtarıb tapıb:
"Bu xanım gəlib yalvardı ki, qızımın oğlan dostu onun foto və videolarını "tik-tok"da yayıb, onların yoxa çıxmasında kömək edim. Sonra da gəlib dedi ki, "Günay, yaxın qohumumu tutulub, kömək elə bu əngəldən çıxa bilək. Hər dəfə bir istəklə yanıma gəlirdi. Mən də pul və qızıl qarşılığında əməl edib iş görürdüm".
Növbəti proses 25 noyabr saat 14:30a təyin olunub.
Xatırladaq ki, 2019-cu ildə Ü. M-un atası Vüsal Məmmədov həyat yoldaşı Fəridə Məmmədovanı övladlarının gözü önündə amansızcasına qətlə yetirib. Hadisədən sonra Ü. M-un xalası Günay Novruzova Sabunçu Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, ona və qardaşına qəyyum təyin edilməsini xahiş edib.
2025-ci ilin 1 sentyabr tarixində Ü. M-un məişət zorakılığına məruz qalması barədə daxil olmuş şifahi məlumata əsasən, hüquq-mühafizə orqanlarının məsul nümayəndələri ilə birlikdə ailənin yaşadığı ünvana baş çəkilib. Məlum olub ki, yeniyetmə qəyyumu ilə birgə Lənkərandadır, daha sonra polislər onları Bakıya gətirib. Günay Novruzovanın qəyyumluğuna xitam verilib və o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən Günay Novruzova barəsində Cinayət Məcəllləsinin 133.2.4 (Əzabvermə - təqsirkar şəxs üçün aşkar xəstə, köməksiz və ya psixi pozuntu vəziyyətində olan, yaxud maddi, xidməti və ya başqa cəhətdən təqsirkar şəxsdən asılı olan şəxsə qarşı törədildikdə), 133.2.6 (xüsusi amansızlıqla, işgəncə verməklə törədildikdə) və 178.3.2 (dələduzluq - külli miqdarda zərər vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.