Novxanı qəsəbəsindəki bir neçə milyon manatlıq məşhur imarəti ilə tanınan Bəxtiyar Dalinin (Qaraşov) ittiham olunduğu cinayətin təfərrüatı bəlli olub.
Lent.az "oxu.az"a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri ərazisindəki hotel-restoranlardan birində bu ilin iyul ayında baş verib.
Bəxtiyar Qaraşov və onun iki dostu istirahət etmək üçün qeyd edilən obyektə gəliblər. Onlar yeyib-içəndən sonra kabinetə müğənni sifariş veriblər. Bəxtiyarın istirahət etdiyi otağa iki xanım müğənni gəlib.
Bir müddət mahnı oxuduqdan sonra B.Dali onların birindən oriyental rəqs etməsini istəyib.
İddiaya görə, gənc müğənni bu rəqsi bacarmadığını desə də Bəxtiyar və dostu qadını oriyental rəqs etməyə məcbur eləyiblər. Onlar daha sonra xanıma pul qarşılığında cinsi əlaqə təklifi veriblər. Lakin o, bunu rədd edib.
Bəxtiyar Dali dostlarından birini kabinetdə yeyib-içdikləri xanımlardan biri ilə yola salıb. Bundan sonra B.Qaraşov digər dostu ilə birlikdə kabinetin qapısını bağlayaraq orada qalan xanımı zorlamağa cəhd ediblər. Müğənninin qışqırığına hotel sahibi və işçilər gəliblər, qapını qıraraq qadını xilas ediblər. Hadisə yerinə polis əməkdaşları çağırılıb.
Bəxtiyar Dali hadisə yerində sərxoş vəziyyətdə saxlanılsa da dostu ərazidən qaçıb uzaqlaşa bilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs də saxlanılıb və istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib./oxu.az
***
saat 16:20
Bəxtiyar Dalinin ittiham olunduğu maddələr məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 29.149.2.1-ci (bir qrup şəxs tərəfindən zorlamağa cəhd etmə) maddəsi ilə yanaşı, 145.2.4-cü (bir qrup şəxs tərəfindən qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə də ittiham olunur.
Əldə etdiyimiz digər məlumata görə isə Bəxtiyar Dali yeni həbs edilməyib, o, 3 aya yaxındır ki, həbsdədir.
Onun barəsində həbs qətimkan tədbirini Sumqayıt şəhər məhkəməsi seçib.
***
saat 13:49
Novxanı qəsəbəsində yerləşən “milyonluq saray”ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib.
Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur.
Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliyə qarşı Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Məşhur sima hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.
Qeyd edək ki, 66 yaşlı B.Dali uzun illər Rusiyada yaşayıb. Özünün dediyinə görə, hərbi mühəndis olub.