Dünyanın  ən yaşlı ağacının   5000 yaşı var – Yeri  gizli   saxlanılır
04 noyabr 2026 10:17 (UTC +04:00)

Dünyanın ən yaşlı ağacının 5000 yaşı var – Yeri gizli saxlanılır

0

ABŞ-nin Kaliforniya ştatındakı Ağ dağlarda (White Mountains) Yer kürəsinin ən qədim ağaclarından biri olan Mafusail şamının təxminən 5000 yaşı var. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər bu nadir ağacın dəqiq yerləşdiyi ərazini onu mümkün təhlükələrdən qorumaq məqsədilə gizli saxlayırlar.

Ağacın adı Bibliyada 969 il yaşadığı bildirilən Mafusailin şərəfinə qoyulub.

Bu ağacı 1950-ci illərdə tədqiqatçı Edmund Şulman aşkar edib. Həmin vaxtdan etibarən şam ağacı qeyri-adi yaşı ilə alimlərin diqqətini cəlb edir. 

Mafusail yaşı elmi üsullarla təsdiqlənmiş ən qədim fərdi ağaclardan biri hesab olunur. Burada söhbət ümumi kök sistemi ilə birləşən bitki koloniyasından deyil, müstəqil şəkildə böyüyən ağacdan gedir.

Lakin Mafusail həmin ərazidəki yeganə qeyri-adi ağac deyil. Onun yaxınlığında adı açıqlanmayan daha bir qədim şam ağacı bitir. Tədqiqatçıların hesablamalarına görə, həmin ağac Mafusaildən də yaşlı ola bilər.

Alimlər ağacların yaşını onların gövdəsindəki illik böyümə halqaları vasitəsilə müəyyən edirlər. Hər halqa ağacın həyatının bir ilini əks etdirir.

Mafusail şamından ilk oduncaq nümunələri 1957-ci ildə götürülüb. Daha sonra Arizona Universitetinin Ağac Halqalarının Tədqiqi Laboratoriyasının dendroxronoloqu Tom Harlan həmin nümunələri araşdıraraq ağacın yaşının 4800 ildən çox olduğunu təsdiqləyib.

Mafusail ağacının yeri niyə gizli saxlanılır?

Kaliforniyanın Ağ dağlarında yerləşən Ancient Bristlecone Pine meşəsi minilliklər boyu yaşamağı bacarmış qədim şam ağacları ilə tanınır.

Mafusailin və ondan daha yaşlı ola biləcəyi ehtimal edilən digər ağacın dəqiq yerləşdiyi yer onların zədələnməsinin, vandalizm hallarının və insan müdaxiləsinin qarşısını almaq məqsədilə açıqlanmır.

Uzun illər ərzində bu ağacların tanınmasına imkan verə biləcək fotoşəkillər belə geniş yayılmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar