“Dedi ki, sakinlər məni öldürür, pulu ver”  – Eyni mənzil çoxlarına belə satılırmış
12 noyabr 2025 11:59 (UTC +04:00)

“Dedi ki, sakinlər məni öldürür, pulu ver” – Eyni mənzil çoxlarına belə satılırmış

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə “Avro Qrand” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz yollarla vətəndaşların pulunu ələ keçirmələri faktı ilə bağlı məhkəmə prosesi keçirilib.

Lent.az  xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin ifadəsi ilə davam edib. Təqsirləndirilən Elgiz İsmayılov “Avro Qrand” Məhdud Məsuliyyətli Cəmiyyətində Xəzər Əliyevlə  görüşdüyünü, Xanlar Cəfərovun tutulduğuna görə, işlərin yaxşı  getmədiyini bildirib:

"O dedi ki, material üçün pul lazımdır. Mən də dedim ki, maşın alveri ilə məşğul olan Fariz adlı adamım var, gedək  onun yanına. Getdik, adam dedi  ki, şərtim odur ki, pulu özüm verəcəm. Getdik "Eurohome"-a. 20 000 manata yaxın material aldı, gətirib tökdü binanın həyətinə. Xəzər sonralar pulu qaytara bilmədi, Fariz düşdü üstümüzə. Xəzər dedi ki, sakinlər məni öldürür, pulu ver. Dedim ki, bir yoldaşımızdan borc ala bilərik, amma girov istəyir. Xəzərə söylədim ki, birdən ona problemli ev yazarsız, biabır olarıq. Biz Farizlə çay içəndə Xəzərdən zəng gəldi ki, evi veririk, pul getdi Farizə, biz Zəfərə borclu qaldıq, iki aya Zəfərə pulu qaytarmalıyıq. Amma qaytara bilmədik".

Digər təqsirləndirilən Xəzər Əliyev mənzilin əvvəl bir xanıma satıldığını dedi:

"Xanım  20 000 manat ödəyib, mənzilin real dəyəri 70 000 manat idi. Sonra dedi pulumu verin, evi istəmirəm, evdən imtina elədi. Mən Zəfəri tanımıram.".

Şahid Vüsalə Gülalıyeva təqsirləndirilən şəxslərdən təkcə Xəzər Əliyevi tanıdığını bildirdi:

"Yoldaşım Elçin Gülalıyev  gedib evi aldı, notarius yolu ilə, Xəzər göstərmişdi evi. Biz indi o evdə yaşayırıq, amma sənədimiz yoxdur. Evə 60 000 manat ödəmişdik. Narahat olduğumuz odur ki, məhkəməyə verilmişik ki, evdən çıxın. Deyirlər ki, ev başqasınındır. Aslan adlı şəxs tələb edir ki, evi sizdən qabaq almışam".

Digər şahid Mehman Vəliyev təqsirləndirilən Xəzər Əliyevin onun işlədiyi ofisə gəldiyini və 133 kv mənzili satmaq istədiyini dedi:

"Mənzilin Vüsal adlı şəxsin olduğunu dedi. Gəldik notariusa. Vüsal Xanların adamıdır, mənzili 60 000 manata  satdı. Pul banka vuruldu, çeklər ələ alındı, Xanlar da  gəlib peçatı vurub getdi. Evin başqa adamın adına olduğu barədə heç nə deyilmədi".

Şahid Ədalət Məmmədov təqsirləndirilən şəxsləri tanıdığını bildirdi:

 “Xəzər "Avro Qrand” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış meneceri işləyirdi. Elçin bizə müraciət etdi ki, mənzil almaq istəyir. Dedim “Avro Qrand”da  var. Xanlar notariusda dedi ki, ev Vüsal adlı adamındır. Vüsal gəldi, sənədi  təqdim etdi. Sonra Xanlar gəldi, müqaviləni imzaladı, pulunu götürdü. Evi 60 000 manata razılaşdılar. 2-3 ay sonra məlum oldu ki, ev Vüsala deyil, Vüqar adlı birinə məxsusdur. Dedim ki, Xəzər,  bu nə işdir? Dedi, mMənlik deyil, Xanlarlıqdır”.

Daha sonra təqsirləndirilən şəxslər və şahid məhkəmənin və dövlət ittihamçısının suallarını cavablandırıblar. Növbəti məhkəmə 3 dekabr saat 10:00 -a təyin edildi.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, istintaqla qeyd olunan hüquqi şəxsin təsisçisi və faktiki rəhbəri Xanlar Cəfərov, satış üzrə meneceri Xəzər Əliyev və sonuncunun tanışı Elgiz İsmayılovun qabaqcadan əlbir olaraq saxta sənədlər təqdim etməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasında faktiki sahibi olan mənzillərin dələduzluq yolu ilə təkrarən digər vətəndaşlara satılmasına nail olmalarına, bu yolla külli miqdarda pul vəsaitini ələ keçirmələrinə dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Xanlar Cəfərov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui istifadə), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə, Elgiz İsmayılov və Xəzər Əliyev isə həmin Məcəllənin 178.3.2 və 320.1-ci (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib.

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar