Evdə yemək tapmayan  kişi DƏHŞƏT SAÇDI:  arvadının ailəsini bıçaqladı - DETALLAR
24 noyabr 2025 20:15 (UTC +04:00)

Evdə yemək tapmayan kişi DƏHŞƏT SAÇDI: arvadının ailəsini bıçaqladı - DETALLAR

0

CİNAYƏT İŞİ

Qısa arayış…

2024-cü il mayın 17-də Bakıda nənə və iki qız nəvəsi bıçaqlanır. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, cinayət Sabunçu qəsəbəsi, Şəhər şossesi, 3 ünvanında yerləşən evdə baş verib.
 
Sabunçu Tibb Mərkəzinə bıçaq xəsarətləri ilə çatdırılan Elminaz Əliyeva, Aysel Məmmədova və Laçın Tatulovaya müvafiq tibbi yardımlar göstərilib.  
 
Cinayəti törədən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Elnur Əliyev ayın 19-da polis əməkdaşları tərəfindən saxlanılıb.


 
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qanlı olayın istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, mayın 16-da Elnur Əliyev arvadı Elminaz Əliyevaya zəng edərək, qonaq getdiyi anasıgildən geri qayıtmağı tələb edib. Qadın isə onunla birgə yaşamaqdan imtina edib artıq ayrılmaq istədiyini bildirib.

Bu mübahisədən sonra, qisas almaq niyyəti ilə arvadını öldürmək qərarına gələn Elnur Əliyev mayın 17-də Sabunçu qəsəbəsi, Şəhər şosesi, 3-də yerləşən evə gedib. Aqressiv şəkildə arvadını çağırıb ondan çölə çıxmasını tələb edib. Arvadının nənəsi Laçın Tatulova ondan səs-küy salmayıb, çıxıb getməsini tələb edəndə, Elnur yumruqla qadının üzünə zərbə vurub. Bu zaman Elnurun baldızı Aysel qonşuları köməyə çağırmaqdan ötrü həyətə çıxıb. Elnur Ayselin Məmmədovanın arxasınca qaçaraq, boynundan tutub və üzərindəki bıçaqla 4 dəfə zərbə endirib. Sonra arvadının üzərinə gedərək, onu arxası üstə yerə yıxıb, bıçağı göstərib və “başını kəsəcəm” deyib. Ardınca Elminazın başına və döş qəfəsinə 2 dəfə zərbə vurub.

Laçın Tatulova Elnurun əlindəki bıçağın tiyəsindən tutub mane olmağa çalışanda, sol əlinin 3 barmağı kəsilib. Elnur bununla kifayətlənməyərək, Laçın Tatulovanın kürəyinə 1 dəfə zərbə endirib. Aysel Məmmədova su qabını onun başına çırpdığı üçün Elnur müvazinətini itirib yerə yıxılıb. Habelə hadisə yerinə gələn qonşular Fəqan Həsənov və Rasim Qasımov Elnuru dayandıra biliblər. Bundan sonra cinayətkar hadisə yerindən qaçıb. Yaralılar isə vaxtında Sabunçu Tibb Mərkəzinə çatdırılaraq, həyatları xilas olunub.

İş üzrə dindirilmiş Elnur Əliyev bildirib ki, 2-3 il əvvəl işləmək üçün Ağcabədi rayonundan Bakı şəhərinə gələrək, müxtəlif ünvanlarda kirayədə qalıb. Son vaxtlar xalası oğlu Rəşad Əliyevin Abşeron rayonun Məmmədli kəndində icarəyə götürdüyü fermada işləyib:

“Elminaz Əliyevanı qaçıranda qızın 17 yaşı vardı, 1 ildən sonra rəsmi nikaha daxil olmuşuq. Bakıxanov qəsəbəsində yaşayırdıq. 2023-cü ildə oğlan övladımız dünyaya gəldi. Bu illər ərzində münasibətimiz yaxşı idi. Oğlumun ayağında problem olduğu üçün evə həkim çağırmaq istəyirdik. Amma arvadımın nənəsi Elminaz Məmmədova dedi ki, 3 saylı şəhər xəstəxanası evlərinin yanındadır. Təklif etdi ki, anası uşağı götürüb onlara getsin, sonra da körpəni həkimə aparsınlar. Mayın 16-da işdən yorğun evə qayıtmışdım. Yemək hazırlaya bilmədiyim üçün arvadıma zəng edib, niyə evə qayıtmadığını soruşdum. Bu zəmində aramızda mübahisə yarandı.

Növbəti gün saat 16 radələrində Sabunçu qəsəbəsinə yollandım. Arvadımın digər nənəsi Laçın Tatulova aqressiv şəkildə mənə Elminazı aparmağa icazə verməyəcəyini dedi. Qadının bu sözündən sonra aramızda mübahisə başladı. Məni söydüyü üçün onun üzünə yumruqla zərbə vurdum. Sonra əsəblərimə hakim ola bilməyib cibimdən bıçağı çıxardım və məlum hadisəni törətdim. Kimə, hansı şəraitdə bıçaq zərbələri vurduğumu xatırlamıram. Hadisədən sonra, bir qədər küçədə gəzdim, sonrada avtobusla evə getdim. Əsəbimdən öz ayağıma da bıçaqla xəsarət yetirdim. Hadisə vaxtı əynimdə olan paltarları və bıçağı, torbaya qoyub Məmmədli qəsəbəsində zibil qabına atdım”.

Məhkəmə iclasında Elnur Əliyev ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadə verməkdən imtina edib.

Elnur verilmiş suallara cavab olaraq bildirib ki, əməlindən peşmandır. Əgər arvadı onunla evə gayıtsaydı, o, bu hadisəni törətməzdi. Onun davası yalnız arvadı ilə olub. Mübahisələrinə Elminazın onunla birlikdə evə qayıtmaq istəməməsi və boşanmaq istəməsi səbəb olub. Ola bilsin ki, mübahisələrinə müdaxilə etdikləri üçün bıçaqla Aysel Məmmədovanı və Laçın Tatulovanı vurub. Heç kimi öldürmək fikiri olmayıb.
 
Zərərçəkmiş Elminaz Əliyeva ifadəsində göstərib ki, mayın 17-də övladını həkimə aparmalı idilər:

“Elnur gəlməmişdən əvvəl Ayselə demişdim ki, ərimlə bir gün əvvəl dalaşmışam və o, mütləq arxamca gələcək. Yoldaşım gələrək, uca səslə bacıma dedi ki, Elminaz hazırlaşsın. Aysel də gəlib məni yuxudan oyatdı. Eyni zaman bacım nənəm Laçını çağıraraq, Elnurun əsəbi halda gəldiyini və qorxduğumuzu dedi. Yoldaşım bacımı, məni, axırda isə nənəmi bıçaqladı. Nənəm mənimlə Elnuru ayırmağa çalışsa da, gücü çatmırdı. Sonra baş verənləri tam xatırlamıram. Əgər qonşular köməyə gəlməsəydi, yoldaşı məni və doğmalarımı öldürə bilərdi”.

Daha sonra o, Elnur Əliyevlə dalaşdıqlarını əks etdirən “Whatsapp” yazışmalarını istintaqa təqdim edib.
 
Zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş ediblər.
 
Məhkəmə nəticəyə gəlib ki, Elnur Əliyevin əməlləri Cinayət Məcəlləsinin 15-ci maddəsinin tələbinə əsasən “xüsusilə ağır cinayətlər” kateqoriyasına daxildir. Onun əməlləri istintaq orqanı tərəfindən həmin Məcəllənin 128, 126.2.2-ci (zərərçəkmiş şəxsin sağlamlığına, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, qəsdən ağır zərər vurma), 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələri ilə düzgün tövsif edilib. Elnur Əliyev həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.


 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Əliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar