Evlərə daxil olaraq oğurluq etməkdə təqsirləndirilən 4 nəfər qaraçının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, təqsirləndirilən Gülpara Vəliyeva 5 il 4 ay, Sahibə Mahmudova 5 il 3 ay, Pərviz Abdullayev isə 5 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Digər təqsirləndirilən Sima Əmiraslanova 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Qeyd edək ki, Pərviz Abdullayev, Gülpara Vəliyeva, Sahibə Mahmudova və Sima Əmiraslanova Cinayət Məcəlləsinin 170.3-cü (yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etmə), 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq), 177.2.2-ci (təkrar oğurluq) və 177.2.3-1-ci (elektron məlumat daşıyıcılarından və ya informasiya texnologiyalarından istifadə etməklə oğurluq) maddələri ilə ittiham olunublar.