Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunan Rafiq Vəliyevin cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim işin yeni məhkəmə tərkibində davam etdiyini bildirib. Daha sonra anket məlumatları dəqiqləşdirilib.Dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən Rafiq Vəliyev ona qarşı irəli sürülən ittihamlardan saxta sənəd hazırlamaqda özünü təqsirli bildiyini bildirib:
"Saxta sənədin hazırlanması üçün şirinlik olaraq 3-4 min manatdan çox pul almırıq. Zərərçəkən Levent Yurtsevərin evini 35 000-ə ə aldım. O evlə bağlı mənə Gülnarə adlı qadın məlumat vermişdi. Qonşular mənə demişdilər ki, bu evi türk vətəndaş alıb, korona vaxtı da rəhmətə gedib".
Zərərçəkən İ.R notariusdan gələn zəng sayəsində bağ evinin satılmadan qurtardığını deyib:
"Mənim bağ evim var. Bir gün 18 saylı notariusdan zəng gəld. Dedilər ki, "Sizin adınızdan bağ evi satılır, evinizi həqiqətən satırsınız?". Təəccübdən dondum, zəng edən adama dedim ki, mənim ev satmaq niyyətim yoxdur. Dərhal aidiyatlı quruma şikayət etdim. Bu adamdan şikayətçiəm, cəzasını çəkməsini istəyirəm".
Təqsirləndilən R.Vəliyev "Sədi adlı adam bu xanımın torpaq sənədini mənə vermişdi. Onun vasitəsilə torpağa saxta sənəd çıxartdım"-deyə bildirib.
Zərərçəkən Levent Yurtsever "Mənə cəhənnəm yaşatdılar. Mən indi hostellərdə, parklarda yatıram. Bu adamdan şikayətçiyəm. Dedim pensiyaya çıxıram, gəlim qardaş ölkədən ev alım, yaşlılığımı sakitcə keçirim, onda da başıma bu oyun gəldui. Bu adam tək deyil. Əminəm ki, qrup halında işləyirlər. Amma bu adam onları ələ vermir".
Növbəti proses 18 sentyabr saat 14:15-ə təyin olunub.
Qeyd edək ki, məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirmək istəyiblər.
Belə ki, əvvəldən tanıdığı Rafiq Vəliyev Dəmirliyə yalan vəd verərək ondan 400 min manatdan çox pul almağa razılaşıb.
Lakin dələduzluq əməli başa çatmayıb. R.Vəliyev tutularaq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq vaxtı onun daha iki nəfərə qarşı dələduzluq cinayəti də ortaya çıxıb.
R.Əliyev barəsində sonradan həbslə bağlı olmayan "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə yekun ittiham elan edilib. İş üzrə Seyfəddin Dəmirli, Gülnarə Rəhimova və Rüxsarə İbrahimova zərərçəkmiş qismində tanınıb.
Seyfəddin Dəmirli bir neçə ay əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi təyin edilib. O, vaxtilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə və Bakı 6 saylı Yol İstismarı MMC-yə rəhbərlik etmiş Allahverdi Dəmirovun oğludur. Ailə mediada geniş biznes əlaqələri və çoxsaylı əmlakları ilə tanınır. A.Dəmirov bir vaxtlar MTN tərəfindən tutulması, həmin nazirlik ləğv edildikdən sonra başlanmış cinayət işində zərərçəkmiş olması ilə də gündəmə gəlmişdi. Sonralar Dəmirovun adı müxtəlif korrupsiya cinayət işləri ilə bağlı hallanıb.
Allahverdi Dəmirovun keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğlu olduğu da deyilir.
Xatırladaq ki, Rafiq Vəliyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 29,178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədilməyə cəhd) və 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.