CİNAYƏT İŞİ
Qısa arayış...
2023-cü il noyabrın 13-də Bakının Binəqədi rayonunda qətl hadisəsi olur. Prokurorluq və polis əməkdaşları daxil olan məlumat əsasında hadisə yerinə yollanırlar. Məlum olur ki, cinayət “Motodrom” yaşayış massivində baş verib. Gəncə şəhər sakini 1999-cu il təvəllüdlü İzmir Savadov Kliniki Tibbi Mərkəzə aparılarkən yolda ölüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayəti törədən şəxs həmi gün polis əməkdaşları tərəfindən Nizami rayonu ərazisində saxlanılıb.
Həsənağa Əliyev 1995-ci ildə Biləsuvar rayonunda anadan olub, evlidir, himayəsində iki uşağı var. Binəqədi rayon Məhkəməsinin 2021-ci il tarixli hökmü ilə CM-nin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 177.2.1-ci (oğurluq, qrup halında törədildikdə) maddələri ilə 3 il müddətə azadlıqdan məhrum olunub. Xəzər rayon Məhkəməsinin qərarı ilə 6 ay vaxtından əvvəl şərti azad edilib.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, noyabtın 12-i saat 22 radələrində Həsənağa Əliyev qəbul etdiyi narkotik vasitənin təsiri altında, idarə etdiyi “Azsamand” markalı avtomobillə “Motodrom” massivinə gələrkən, yaşadığı evin qarşında “Toyota Prius” markalı maşının dayandığını görüb və içərisində əyləşən 3 nəfər tərəfindən izlənilməsini ehtimal edib. Həmin avtomobildən düşən İzmir Savadovun bir az irəliyə getdiyini və yolun kənarında dayanaraq, mobil telefonuna baxmasını görüb. Tanımadığı şəxslərin onun yaşadığı məhəllədə dayanmalarını özünə qarşı təhqir hesab edən Həsənağa Əliyev yaxınlaşıb, onunla mübahisə etməyə başlayıb. Heç bir əsaslı səbəb olmadan, Əliyev arxa sağ cibindən çıxardığı bıçaqla Savadovun ürək nahiyəsinə zərbə endirib. Bu hərəkəti ilə o, İzmir Savadovu öldürüb.
İş üzrə dindirilmiş Həsənağa Əliyev bildirib ki, 2018-ci ildən narkotik vasitələrdən istifadə edir. 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən zaman İsmayıl, Qurban, Hüseyn adlı şəxslərlə tanış olub, azadlığa çıxdıqdan sonra da həmin şəxslərlə münasibəti davam edib:
“Noyabrın 9-da İsmayıl mənə zəng edərək, barəsində narkotik maddələrin satışı ilə məşğul olmasına dair şayiələrin yayılmasında məndən şübhələndiyini deyib. Mən də tanışıma bu məsələnin mənə aidiyyatı olmadığını dedim. İsmayıl mənimlə görüşüb, bu söhbəti aydınlaşdıracağını söylədi. Ayın 12-də zəngləşib İsmayılla “20 Yanvar” dairəsi yaxınlığında görüşmək haqda razılaşdıq. Amma görüşə getmədim, çünki dava olsa, Qurbanın İsmayılın tərəfini saxlayacağını düşünürdüm. Evə gələn zaman yaşadığım evin qarşısında “Toyota” markalı avtomobilin dayandığını və içərisində üç nəfərin əyləşdiyini gördüm. Bu hal məndə şübhə yaratdı, “Whatsapp” tətbiqi ilə arvadım Günelə zəng edərək, “qapıda naməlum maşının dayandığını və çölə çıxmasını” dedim.
“Toyota”da əyləşən 3 nəfərin İsmayıl tərəfindən göndərildiyini düşündüm. Buna görə narahat oldum. Bacım Ramilə Əliyevaya zəng edərək, keçmiş əri Çingizlə əlaqə saxlamasını, Çingizin yaşadığım məhəlləyə gəlməsini və dava düşsə yanımda olmasını bildirdim. Lakin bir müddətdən sonra Çingiz mesaj yazdı ki, rayondadır. Arvadıma həmin şəxslərin məni izlədiklərini dedim. Buna görə də, avtomobillə geriyə dönmə edib, aşağı sürətlə “Toyota”nın arxası ilə getdim. Həmin maşıb bir az irəlidə, “Al market”in yanında geriyə dönərək, yanımdan keçdi və yenidən yaşadığım küçəyə qayıtdı. Bunu görüb, marketin qarşısında öz avtomobilimi döndərib onların arxasınca hərəkət etdim. Dayanandan sonra həmin avtomobildən düşən 2 nəfər maşına yaxınlaşaraq, polis işçiləri olmadıqlarını və “avtomobili niyə belə sürdüyümü?” soruşdular. Cavab olaraq mən İzmir Savadova məhəllədən bir qədər kənarda söhbət etməyimizi bildirdim”.
Avtomobilləri idarə edib, marketdən sağ istiqamətdə gedən yolda dayanıblar. Sağ ön oturacaqda əyləşən İzmir tərs-tərs ona baxıb. Həmin vaxt ona zəng edən bacısına olduğu yeri izah edib. Bir neçə dəqiqədən sonra Ramilə qeyri-rəsmi yaşadığı Kamran Məmmədlinin idarə etdyi maşınla ora gəlib:
“Öz avtomobilimdən çıxarkən bıçağı arxa cibimə qoydum. Mənimlə yanaşı arvadım, digər maşında olan bacım da çıxdı. İzmirin qadınları göstərib, “söhbətə bunlarla gəlmisən?” sualını şəxsiyyətimə təhqir kimi qəbul etdim. Bıçağı çıxarıb, İzmirin ürək nahiyəsinə bir dəfə zərbə vurdum. Zərbədən sonra həmin şəxs arxaya addımlar atdı, mən və arvadım dərhal avtomobilə əyləşdik. Qəflətən zərbə endirdiyimdən, İzmir özünü müdafiə edə bilmədi, ona heç nə demədim. Qorxduğumdan birbaşa Biləsuvar rayonun Əsgərabad kəndindəki evimə getdim. Anama adam bıçaqlamağım haqda məlumat verdim. Bıçaq qonaq otağında, idarə etdiyim avtomobil isə həyətdə qaldı. Noyabrın 13-də Bakıya qayıtdım. Keşlə qəsəbəsində yaşayan bacımın evində polis əməkdaşları tərəfindən saxlanıldım”.
Şahid Samir Məmmədov bildirib ki, noyabrın 12-i saat 19 radələrində yaşadığı evdə olanda dostu İzmir Savadov “Whatsapp” tətbiqi ilə zəng edərək, Nərimanov rayonunda yerləşən oteldə olduğunu, Lökbatana getmək istədiyini deyib:
“Xahiş edib ki, tanışım Anar Əhmədov 20 manata onu həmin qəsəbəyə aparsın. “Toyota” markalı avtomobili olan Anarla əlaqə saxlayanda, Anar mənə birlikdə getməyi təklif etdi. Anar məni yaşadığım ünvandan götürdü, birlikdə otelin qarşısına yollandıq. İzmir arxa oturacaqda əyləşmişdi. Dostum Vüqar adlı şəxslə görüşüb, ona 100 manat pul verəcəyimi söylədim. Anar avtomobili saxladıqdan sonra İzmir düşdü və 5 dəqiqədən sonra qayıtdı. İzmir Anara əvvəl onu Avtovağzala aparmasını dedi, ama telefonuna Zeynəbdən mesaj gəldikdən sonra Xocasən qəsəbəsindən keçib, “Motodrom” adlanan massivə gəldik. Marketin qarşısından keçəndən sonra, maşını saxlamasını dedi. İzmir çıxıb, 1-2 dəqiqədən sonra qayıtdı, sürücüyə geriyə dönüb, gəldiyi yolla qayıtmağını söylədi.
“Azsamand” markalı maşınla üzbəüz gəldik. Bir neçə dəqiqədən sonra Anar İzmirə həmin avtomobilin arxasınca gəldiyini dedi. Marketin yanında İzmir Anara “geriyə dön, görüm o kimdir” dedi. İzmir çıxıb, yaxınlaşmaq istəyən zaman sürücü avtomobilin təkərlərini yerində fırladıb, nəqliyyat vasitəsini dostumun üzərinə sürdü. Həmin şəxs İzmirlə avtomobilin pəncərəsindən danışırdı. Nə baş verdiyini öyrənmək üçün avtomobildən düşərək, onlara doğru getdim. İzmir sürücüyə “niyə maşını bizim üzərimizə elə sürürsən, biz polis işçisi deyilik, rahat ol, düş maşından söhbət edək” dedi. İzmir mənə avtomobilə qayıtmağımı bildirdi. Bir neçə dəqiqədən sonra İzmir də qayıdaraq, bizə problem olmadığını söylədi. Anar avtomobili işə salıb, irəli sürmək istəyəndə, “Azsamand” markalı avtomobil sərnişin tərəfdən sanki bizi sıxdı. Əsəbləşən İzmir sürücüyə “sür qabağa, maşından düşürəm” dedi. Arxadan “Mercedes”, daha sonra isə rəngini dəqiq xatırlamadığım daha bir “Azsamand” markalı avtomobil gəldi. Həmin sürücünün maşınından bir xanım düşdü, digər avtomobilin sükanı arxasından bir kişi və yanında olan qadın çıxdı. Üzü saqqalı olan sürücü heç nə söyləmədən İzmiri bıçaqla vurdu. Dostum səndəlləyərək, gəlib maşına oturdu və onu xəstəxanaya aparmağımızı dedi. Onu əvvəl Biləcəri Dəmiryol Xəstəxanasına, sonra isə Kliniki Tibbi Mərkəzə apardıq. İzmir ora çatanda artıq keçindi”.
Samir Məmmədovun sözlərinə görə, Anar 102 xidmətinə zəng edib, hadisə barədə məlumat verib. Hava qaranlıq olduğundan avtomobillərdən düşən şəxsləri üzünü aydın görə bilməyib. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur. Mərhumun telefonunda, “Whatsapp” tətbiqindəki məkanı ona münasibətdə olduğu Zeynəb adlı qadın göndərib. İzmirin həmin hansı məqsədlə getdiyini nə o, nə də Anar bilib.
Şahid Zeynəb Əliyeva ifadəsində göstərib ki, uzaq qohumu İzmir Savadovla əvvəllər dostluq münasibəti olub, sonra isə aralarında sevgi münasibəti yaranıb. İzmir Gəncə şəhərində yaşasa da, tez-tez Bakıya gəlib:
“Əvvəllər Lökbatan qəsəbəsində kirayədə yaşadığım evdə görüşürdük. 2023-cü ilin oktyabr ayından Nərimanov rayonunda yerləşən “Opera” oteldə 207 nömrəli otaqda qalmışıq. İzmir ara-sıra narkotik vasitələr qəbul edirdi. Narkotik maddələri Nasir və Davud adlı İran vətəndaşlarından alırdı. İzmirin sözlərinə görə, həmin şəxslərlə “İnstaqram” şəbəkəsində tanış olmuşdu. İzmirin dostluq etdiyi şəxslərdən yalnız Samir adlı oğlanı tanıyıram. Noyabrın 12-də İzmir keçmiş ərim Vüqar Əliyevlə görüşməyə getməkdən ötrü, saat 20:20-də oteldən çıxdı. İzmir oteldən çıxdıqdan bir müddət sonra İran vətəndaşı ünvanı mənim “Whatsapp” tətbiqimə göndərdi. Belə ki, iranlı hər dəfə ünvan göndərən zaman, narkotik vasitənin yerini dəqiq göstərən şəkili də atırdı. Amma həmin gün fotoşəkili göndərmədi. Mən də həmin məkanı İzmirin telefonuna göndərdim. Saat 22 radələrində İzmir mənə bir şəkil göndərək, həmin ünvanda olduğunu bildirdi. Həmin vaxtı iran vətəndaşı mənə ismarıc yazdı ki, göstərilən ünvan səhvdir. Mən də öz növbəmdə İzmirə mesaj göndərdim. Sevgilimə zəng etsəm də, cavab vermədi. Bir müddətdən sonra mənə İzmirin bıçaqlanması haqda məlumat verildi. Narahat olaraq, tələsik otaqdan çıxdım, bir çox şəxsi əşyalarım oteldə qaldı.
Oteldən çıxanda Osman adlı şəxs mənə zəng edərək, az əvvəl İzmirin onunla əlaqə saxladığını, tanımadığı bir şəxslə mübahisəsi düşdüyünü, ondan yanına gəlməsini xahiş etdiyini, lakin hazırda zəngə cavab vermədiyini dedi. Mən də Osmana öyrəndiyim məlumatı danışdım. Qorxduğuma görə telefonumda olan bütün danışıqları sildim. Oteldə olan otaqda baxış zamanı aşkar edilən 2 ədəd elektron tərəzilərdən biri mənə məxsusdur, həmin tərəzidən gündəlik məişətdə istifadə edirəm. Digəri İzmirə məxsus idi. Aşkar edilən kitabçada olan qeydlər mənim tərəfindən aparılıb, onlar İzmirin götürdüyü narkotik vasitələrə dair qeydlərdir”.
Şahid İsmayıl Feyzullayev ifadəsində göstərib ki, 2021-ci ildə Xətai rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) və 177.1-ci (oğurluq) maddələri ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub:
“17 saylı cəzaçəkmə müəssisəsində Həsənağa Əliyevlə tanış olmuşuq. 2023-cü ilin iyul ayında cəzamı çəkib qurtardım. Noyabr ayının əvvəllərində Həsənağa metamfetamin almaq istədiyini bildirəndə, “Tiktok” şəbəkəsindən tanıdığım bir nəfəri Həsənağa ilə tanış etdim. Daha sonra Həsənağa həmin şəxsin göstərdiyi ünvana gedib narkotik vasitə götürdü. 2 gündən sonra tanışım əlaqə saxlayaraq bildirdi ki, Həsənağaya 10 manatlıq narkotik vasitə versə də, o, pulu verməyib. Bu səbəbdən mən “Q.Qarayev” metrostansıyasının yaxınlığdakı marketdə olan “Milliön” ödəmə sistemindən həmin şəxsin hesabına istədiyi məbləği göndərdim. Həsənağaya narkotik vasitələrin satışı ilə məşğul olmadığımı, onun əvəzinə 10 manat pul verdiyimi dedim. Tanışım da “görüşüb, söhbət edərik” dedi. Bir neçə dəfə görüşə çağırsam da, gəlmədi. Noyabrın 12-də onu “20 yanvar” metrosunun yanına dəvət etdim, amma Həsənağa gəlmədi. Zəng edib, “məni öldürəcəyini” dedi və ailə üzvlərimin ünvanına söyüş söydü. Heç vaxt Həsənağanı belə vəziyyətdə görməmişdim, o, sanki özündə deyildi. Artıq evdə olduğumu bildirəndə Həsənağa telefonu söndürmüşdü, nə qədər zəng etsəm də, cavab vermədi. 3-4 gündən sonra digər məhkum yoldaşım Qurban mənə Həsənağanın adam öldürdüyünü xəbər verdi”.
Məhkəmə iclasında Həsənağa Əliyev ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, hadisə günü avtomobildə əyləşən şəxslərin polis əməkdaşları olduqlarını güman edib. Buna görə, arvadına zəng edib və ona gəlib, maşınına oturmasını deyib. Onlardan məhəlləyə nə məqsədlə gəldiklərini soruşduqda, maşından düşən şəxs polis əməkdaşları olmadıqlarını deyib, o isə maşınlarını məhəllədən bir qədər kənara sürüb, söhbət etməklərini söyləyib. Yoldaşı maşında olduğundan, avtomobildən çıxmayıb. İzmir adlı oğlan yaxınlaşaraq, ona sual verib. Əsəbləşdiyindən, maşından düşüb və öldürmək məqsədi olmadan, ona bıçaqla zərbə endirib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Orxan Savadov ifadəsində göstərib ki, mərhum İzmir Savadov onun qardaşı olub:
“Narkotik vasitələrdən istifadə etmirdi. Qardaşım Gəncə şəhərinin Nizami rayonunda anamla birlikdə yaşayırdı. Atam 2014-cü ildə vəfat edib. Tez-tez Bakıya gəlib-gedirdi, 2021-ci ilin əvvəllərindən Lökbatan qəsəbəsində, dəqiq ünvanını bilmədiyim evdə Zeynəb adlı qadınla görüşürdü. İzmirə həmin qadınla yaşaması barədə iradlarımızı bildirsək də, sözümüzə məhəl qoymurdu.
İzmir Savadov
İzmir hadisədən təxminən 20 gün əvvəl Bakıya gəlib. Evdən çıxarkən 1-2 günə qayıdacağını bildirsə də, Gəncəyə qayıtmadı. Anamla telefonla danışanda, qonşuluqda yaşayan Samir adlı şəxslə Bakıya gəldiyini bildirmişdi. Son vaxtlar “Opera” adlı oteldə qalırdı, orda kiminlə görüşməsi barədə məlumatım yoxdur. 2023-cü il noyabrın 12-i saat 23-də Samir zəng edərək, Klinik Tibbi Mərkəzdə olduğunu və İzmirin bıçaqla vurulduğunu xəbər verdi. Hadisənin hansı şəraitdə baş verdiyini soruşanda, Samir bildirdi ki, Qaradağ rayonundan qayıdanda, qarşılarını “Azsamand” markalı avtomobil kəsdi. İzmir həmin şəxsin nə istədiyini öyrənmək üçün düşüb, maşına yaxınlaşanda, bıçaqlanıb. Xəstəxanaya çatdırarkən onun aldığı xəsarətlərdən öldüyünü deyib. Həmin gecə Bakıya gəldim. Qardaşımın Həsənağa Əliyev, İsmayıl, Qurban, Hüseyn adlı şəxsləri tanıyıb-tanımaması barədə məlumatım yoxdur”.
Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirlən şəxsə qarşı şikayəti yoxdur.
Prokuror təqsirləndirilən şəxsə 19 il cəza təyin edilməsini istəyib.
Həsənağa Əliyev əməlindən peşman olduğunu və mərhumun ailəsindən üzr istədiyini bildirib. Himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.
Məhkəmə qənaətə gəlib ki, Həsənağa Əliyevin məhkəmə iclasında verdiyi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edib ki, Həsənağa Əliyevə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsənağa Əliyev 17 il müddətinə azadlıqdan məhrum olunub.