Bakı Ağır Cinayətlər Məhkəməsində Yasamal rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Təbriz Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.
Lent.az-ın məlumatına görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə davam edib.
Şahid Nihad Abbaslı təqsirləndirilən şəxsi tanıdığını bildirib:
"Azər mənə zəng edib Təbrizlə mübahisə etdiyini bildirdi. Başqa bildiyim yoxdur. Təbrizi Rəşada, Azərə görə tanımışam. İki gün sonra mənə yığdılar ki, "Gəl, oturub çörək yeyək". İçki içən deyiləm deyə "işim var" deyib getmədim. Tut arağından o qədər içib neyləyiblərsə, burada mənim nə təqsirim var?".
Təqsirləndirilən Təbriz Həsənov Nihad Abbaslının zənginə çölə çıxdığını deyib: "Həmin gün rəhmətliklə mübahisələrim oldu, mən də söyüş söydüm. Biz axşam 7-8-ə kimi kafedə olduq. Rəhmətlik dedi "Nihad gəlir, Cavid gəlmir". Kafedən Azərlə çıxıb ağaclığa keçdik. Azəri mən öldürməmişəm, Nihad öldürüb".
Daha sonra şahid dövlət ittihamçısının suallarını cavablayıb.
Zərərçəkənin nümayəndəsi şahidin onun oğlunu öldürməkdə ittiham edərək, yalan ifadə verdiyini deyib:
"Mən bu işdə bir tək təşkilatçını tapa bilmirəm, bunların üçü də qatildir".
Məhkəmə növbəti şahid ifadələrinin dinlənilməsi üçün prosesin 5 dekar saat 14:15 -ə təyin edildiyini elan edib.
Xatırladaq ki, 2024-cü ilin oktyabrın 13-də saat 22 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Təbriz Həsənov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib. Təbriz Həsənov cinayət əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Ağır yaralı halda tapılan Azər İbrahimov dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. İstintaq orqanı tərəfindən Təbriz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Fərqanə Novruzova
 
                 
                             
    