Yarım milyonluq dələduzluq işi: Vəkillərdən Kollegiyaya ŞİKAYƏT
16 sentyabr 2026 11:07 (UTC +04:00)

Yarım milyonluq dələduzluq işi: Vəkillərdən Kollegiyaya ŞİKAYƏT

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə dələduzluqda təqsirləndirilən İslam Yusifov və tanışı İlham Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, prosesdə təqsirləndirilən İlham Abbasovun vəkillərinin iştirak etmədiyi məlum olub.

Hakim bildirib ki, İlham Abbasovun vəkilləri bundan əvvəl də dəfələrlə məhkəmə iclaslarında iştirak etməyiblər. Bununla əlaqədar Vəkillər Kollegiyasına məlumat verilməsi barədə qərar qəbul olunub.

Məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin edilib.

İttihama görə, İslam Yusifov tanışı İlham Abbasovla birlikdə 6 nəfərin ümumilikdə yarım milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 və 178.4-cü maddələri ilə ittiham irəli sürülüb. İstintaq zamanı İslam Yusifovla əlbir olmaqda ittiham edilən İlham Abbasov da cinayət məsuliyyətinə cəlb olunub, lakin barəsində həbs qətimkan tədbiri seçilməyib.

İslam Yusifov məhkəmədə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bildiyini deyib.

Bundan əvvəl prosesdə ifadə verən zərərçəkmiş S.G. İslam Yusifovu 2019-cu ildən tanıdığını bildirib. Onun sözlərinə görə, tərəflər arasında əvvəlcə biznes münasibətləri olub.

“Mənim ‘Şah su’ şirkətim var idi, 2022-ci ildə bağladım. Onun şirkəti bizimlə əməkdaşlıq edirdi. Yusifovun özünü görmürdüm, şirkətinin əməkdaşları gəlirdi. Əməkdaşlıqla bağlı borcları xeyli gecikirdi. Bir müddət borc yığıldı, sonra İslam obyektini satıb borcu bağladı”, – zərərçəkmiş deyib.

S.G. daha sonra İslam Yusifovla birlikdə müxtəlif işlər gördüklərini və Təhsil Nazirliyi ilə bağlı tenderə qoşulduqlarını iddia edib:

“Bununla bağlı 308 min dollar məbləğ ödədim, öz öhdəliyimi yerinə yetirdim. May ayından sonra o, ödəməsini etmədi deyə iş baş tutmadı”.

İslam Yusifov isə zərərçəkmişin dediklərinin həqiqətə uyğun olmadığını bildirib və onun faizlə borc pul verdiyini iddia edib.

Xatırladaq ki, İslam Yusifov daha əvvəl də atası, “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovla birlikdə cinayət məsuliyyətinə cəlb olunub. 2010-cu ildə Zal Yusifov 81 nəfərin banka yerləşdirdiyi təxminən 38 milyon manatın mənimsənilməsi ilə bağlı iş üzrə təqsirli bilinib. Həmin iş üzrə Zal Yusifova 15 il, İslam Yusifova isə 8 il həbs cəzası verilib. Onların milyonlarla manat dəyərində əmlakı müsadirə olunub. Ata və oğul sonradan azadlığa buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar