“Yoldaşımı qonşuluqdakı ər-arvad boğub basdırıb” – MƏHKƏMƏ
11 sentyabr 2026 12:41 (UTC +04:00)

“Yoldaşımı qonşuluqdakı ər-arvad boğub basdırıb” – MƏHKƏMƏ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, onun həyat yoldaşı Gülnar Müzəffərova və Qasım Xankişiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid G.M. qətlə yetirilən Səxavət İsmayılovun həyat yoldaşı olduğunu bildirib.

“Hadisə günü, noyabrın 1-də tezdən durdum. Saat 5-in yarısı olardı. Evi rahatladım, Səxavəti saat 05:20-də işə yola saldım. O, çox narahat insan idi, gün ərzində 5-6 dəfə evə zəng vururdu. Amma həmin gün ondan nə bir zəng gəldi, nə də mesaj. On gün idi ki, təzə işə düzəlmişdi. Axtardıq, məlum oldu ki, işə də getməyibmiş. Axşam evə gəlmədi, zənglərə cavab vermədi. Qaynım polisə zəng etdi. Artıq qohumlarımız evə toplaşmışdı, küçələri axtarmağa başladıq”, - deyə şahid bildirib.

Onun sözlərinə görə, ailə əvvəlcə Səxavət İsmayılovun qəzaya düşdüyünü ehtimal edib:

“Düşünməyə başlamışdıq ki, yəqin qəzaya düşüb, maşın vurub. Səhərə kimi gözümüzü yummadan gözlədik. Bir də gördük qonşunun evinə iki polis maşını gəldi. Çox keçmədi ki, onlar bizim həyətə keçdilər və dedilər ki, Səxavəti boğub basdırıblar”.

Şahid bildirib ki, ailələrinin təqsirləndirilən Elşən Müzəffərovun ailəsi ilə yaxın qonşuluq münasibətləri olmayıb:

“Elşəngillə bizim heç vaxt yaxın qonşu kimi gediş-gəlişimiz olmayıb. Mən ancaq o evin qapısını evdəki qadınların üz-qaşlarını almaq, uşaqlarına iynə vurmaq üçün getmişəm. Hadisədən bir gün əvvəl Səxavət dedi ki, Elşən ondan elektrik mişarı istəyib. Mən razı deyildim, amma o, yenə də mişarı aparıb vermişdi”.

G.M. məhkəmədə daha bir iddia səsləndirib:

“Əgər Səxavət Gülnara pislik etmişdisə, niyə o, uşaqlarını qoltuğuna vurub evimizə iynə vurdurmağa gəlirdi? Bəlkə də Səxavət onların barəsində nəsə bilirdi, ona görə onun dilini kəsdilər”.

Növbəti məhkəmə prosesi iş üzrə şahidlərin məcburi gətirilməsini təmin etmək məqsədilə sentyabrın 15-i saat 17:00-a təyin olunub.

Xatırladaq ki, hadisə Bakının Qaradağ rayonunun Sənqəçal qəsəbəsində baş verib.

İttihama görə, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları - 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və onun həyat yoldaşı, 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətdə basdırılıb.

Qətli törətməkdə şübhəli bilinən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq zamanı cinayət işində iştirakçı olmaqda şübhəli bilinən daha bir nəfər - Qasım Xankişiyev də müəyyən edilərək saxlanılıb.

Onlara Cinayət Məcəlləsinin 120.2.1-ci - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən adam öldürmə maddəsi ilə ittiham elan edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 94

Oxşar yazılar