Britni Spirsin həyatı haqqında çəkilməsi planlaşdırılan çoxdan gözlənilən bioqrafik film dayandırılıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb müğənninin emosional vəziyyətidir. O, ağrılı keçmişinə yenidən qayıtmaq qərarını verməkdə çətinlik çəkir. Onun səmimi xatirələrinə əsaslanan “İçimdəki qadın” adlı layihə ciddi çətinliklərlə üzləşib və pərəstişkarlarını qeyri-müəyyənlik içində qoyub.
Filmin yayım hüquqları artıq satılmışdı və bu layihə böyük hadisə olmalı idi. Rejissor kimi “Wicked: Cadugər” filminin uğurlu müəllifi Con M. Çu seçilib. Lakin ilkin həyəcan və gözləntilərə baxmayaraq, çəkilişlər heç cür başlaya bilməyib.
Məlumata görə, Britni Spirs güclü narahatlıq və emosional tükənmə keçirir, bu da onun üçün film üzərində işləməyi çox travmatik edir.
“Mənbənin sözlərinə görə, Britni anlayıb ki, keçmişə qayıtmaq onun üçün çox ağrılıdır. Bu hadisələrin ekranlaşdırılması onun üçün hələ hazır olmadığı bir sınaqdır”.
Hazırda layihə dondurulub: Con Çu digər layihələrə yönəlib, Britni ilə dialoqu isə onun psixoloji vəziyyəti çətinləşdirir. Rejissor ilin əvvəlində demişdi ki, filmin hazırlıq mərhələsi hələ çox erkəndir. Bu arada, Spirs sosial şəbəkələrdə enerjili rəqsləri ilə çıxış etsə də, real həyatda ictimai diqqətin təzyiqi onun üçün dözülməz hala gəlib.
Dünyanın dörd bir yanından olan fanatlar, pop ikonanın mübarizəsi və zəfəri ilə dolu hekayəsinin ekranlaşdırılmasını səbirsizliklə gözləyirdilər. İndi isə sual altındadır: Britni daxili baryerləri aşa biləcəkmi ki, onun hekayəsi nəhayət böyük ekranlarda canlansın?