Bir vaxtlar Hollivudun ən xoşbəxt ailələrindən sayılan Castin Timberleyk – Cessika Biel cütlüyünün evliliyinin bitdiyi iddia olunurdu. Uzun sürən gərginlik və xəyanət qalmaqallarından sonra cütlüyün boşanmaq qərarı aldığı deyilirdi.
Lent.az xarici mediaya istinadla bildirir ki, son məlumata görə, məşhur cütlük ayrılıq əvəzinə münasibətlərinə bir şans daha verməyi seçib.
Bu qərara təsir edən əsas amillərdən biri Timberleykin iyun ayında Lyme xəstəliyinə yoluxması olub. Bella Hadidin də müalicə aldığı bu xəstəlik barədə açıqlamadan sonra Cessika Biel keçmiş qalmaqalları gündəmdən çıxarıb və həyat yoldaşına ciddi dəstək göstərib.
Timberleykin iki illik dünya turu da artıq başa çatıb. O, hazırda Biel və 10 yaşlı Silas, 5 yaşlı Phineas adlı oğulları ilə birlikdə Montana və Koloradodakı ailə fermalarında yaşayır. Cütlük yaxın günlərdə 2012-ci ildə Cənubi İtaliyada baş tutan nikahlarının 13-cü ildönümünü də qeyd edib.
Castin Timberleyk 2019-cu ildə rol aldığı filmin çəkilişləri zamanı Alisha Wainwright ilə əl-ələ görüntülənərək xəyanətdə ittiham olunmuş, ictimaiyyət qarşısında üzr istəmişdi. Ardınca cütlük ikinci övladlarını dünyaya gətirmiş və münasibətlərini davam etdirmək qərarına gəlmişdi. Ötən il isə Timberlake-in sərxoş halda avtomobil idarə etməsi evlilikdə növbəti gərginliyə səbəb olmuşdu.
Ailə yaxınları bildirir ki, bütün bu sınaqlara baxmayaraq, Timberleyk və Biel evliliklərini qorumaqda qərarlıdır və hazırda münasibətlərinə və ailə həyatına daha çox diqqət yetirirlər.