İqlim dəyişikliyi bəşəriyyət üçün yeni təhlükə  yaradır - XƏBƏRDARLIQ
21 yanvar 2026 19:59 (UTC +04:00)

İqlim dəyişikliyi bəşəriyyət üçün yeni təhlükə yaradır - XƏBƏRDARLIQ

0

Alimlər və beynəlxalq təşkilatlar iqlim şəraitinin dəyişməsi və təbii resurslara düşən yükün artması ilə bağlı qlobal risklərin gücləndiyini bildirirlər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının qiymətləndirməsinə görə, 2025–2029-cu illər ərzində Yer kürəsində orta temperatur sənayeöncəsi dövrlə müqayisədə 1,2–1,9 dərəcə yüksələ bilər.

Yeni qlobal temperatur rekordunun qeydə alınması ehtimalı isə çox yüksək qiymətləndirilir. Artıq indidən ekstremal hava hadisələrinin daha tez-tez baş verdiyi müşahidə olunur. Bir çox ölkədə isti hava dalğaları güclənir, uzunmüddətli quraqlıqlar qeydə alınır, eyni zamanda həddindən artıq yağıntılar baş verir ki, bu da dağıdıcı sel və torpaq sürüşməsi riskini artırır. Ən həssas nəticələrdən biri isə içməli su və ərzaq çatışmazlığının dərinləşməsidir.

2023–2024-cü illərdə Amazon bölgəsi ciddi quraqlıqla üzləşib. Çayların səviyyəsinin kəskin enməsi nəqliyyat marşrutlarını pozub, ərzaq və dərman təminatına təsir göstərib. Şərqi Afrikada isə quraqlıq kənd təsərrüfatı sahələrinin böyük hissəsini əhatə edib. Mütəxəssislər aclıq təhlükəsinin artdığını bildirirlər. 2026-cı ilin mayına qədər ərzaq çatışmazlığı milyonlarla insana təsir göstərə bilər.

Bu problemlər müxtəlif qitələrdə müşahidə olunur. Oxşar dinamika Latın Amerikası, Afrika, Asiya, Avropa və ABŞ-da da qeyd edilir. Ekspertlər vurğulayırlar ki, əhali sayı artdıqca təbii resurslara təzyiq daha da güclənəcək. İqtisadiyyat və Sülh İnstitutu proqnozlaşdırır ki, 2050-ci ilə qədər 1,2 milyard insan ciddi ekoloji çağırışlarla üzləşə bilər.

Xüsusi diqqət içməli su qıtlığına yönəldilir. Dünyada su istehlakının 70 faizə qədəri kənd təsərrüfatının payına düşür. Su ehtiyatlarının azalması artıq beynəlxalq gərginliyi artıran amillərdən birinə çevrilir. Müxtəlif ölkələrdə bəndlərin tikintisi və su axınlarının tənzimlənməsi ilə bağlı mübahisələr getdikcə çoxalır.

Ekosistemlər və ərzaq təhlükəsizliyi də risk altındadır. Ekspertlər hesab edirlər ki, dünya elə bir mərhələyə daxil olur ki, iqlim amili daha tez-tez təbii və humanitar böhranlara səbəb olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar