İsti havada yatmağın  ən asan yolu - Ayaqlarınızı soyudun
13 may 2026 14:02 (UTC +04:00)

İsti havada yatmağın ən asan yolu - Ayaqlarınızı soyudun

0

Yay istisində bir çox insan gecə yuxuya getməkdə çətinlik çəkir və tez-tez oyanır. Həkimlər isə isti havalarda yuxunun keyfiyyətini artırmaq üçün bir neçə sadə məsləhət veriblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, gecə bədənin həddindən artıq isinməsi yuxuya ciddi təsir göstərir.

Həkim Elli Heyr bildirib ki, yüksək temperatur xüsusilə orqanizmin bərpasına cavabdeh olan dərin yuxu mərhələsini qısalda bilər. Nəticədə insan kifayət qədər yatmasına baxmayaraq səhər yorğun oyanır.

Həkimin diqqət çəkən tövsiyələrindən biri ayaqları soyutmaqla bağlıdır. Onun sözlərinə görə, ayaqlar bədən temperaturunun tənzimlənməsində mühüm rol oynayır. Buna görə də yatmazdan əvvəl ayaqları sərin saxlamaq daha tez yuxuya getməyə kömək edə bilər.

Elli Heyr bunun üçün bir cüt bir qədər nəm corabı təxminən 10 dəqiqə dondurucuda saxlamağı, daha sonra isə yatarkən geyinməyi məsləhət görüb.

Mütəxəssis həmçinin qeyd edib ki, çoxlarının düşündüyünün əksinə olaraq, yatmazdan əvvəl soyuq duş qəbul etmək həmişə ən yaxşı seçim deyil. Onun sözlərinə görə, ilıq duş bədənin daha effektiv soyumasına kömək edir. Bu zaman dəridəki qan damarları genişlənir və orqanizm istiliyi daha sürətlə xaric edir.

Həkim yatmazdan əvvəl ağır yeməklərdən, alkoqoldan və intensiv fiziki fəaliyyətdən uzaq durmağı da tövsiyə edib. Çünki bunlar bədən temperaturunu artıraraq yuxuya getməyi çətinləşdirə bilər.

Elli Heyr qidalanmanın da yuxu keyfiyyətinə təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, lif baxımından kasıb, şəkər və doymuş yağlarla zəngin qidalar yuxunu daha səthi və keyfiyyətsiz edə bilər.

Əvəzində isə tərəvəz, meyvə, balıq, zeytun yağı, paxlalılar və lifli məhsullarla zəngin Aralıq dənizi pəhrizi daha keyfiyyətli və uzunmüddətli yuxu ilə əlaqələndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar