Stüardessa sərnişinlərin görə bilmədiyi təyyarənin "gizli zonası"nın harada yerləşdiyini açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, jurnalistlər qeyd edirlər ki, uzaqməsafəli reyslərdə təyyarələrdə ekipaj üzvləri üçün nəzərdə tutulmuş gizli və əlçatmaz istirahət zonası mövcuddur. Bu, pilotların və stüardessaların növbələşərək güc toplaması və uzunmüddətli uçuş zamanı yüksək xidmət səviyyəsini qoruyub saxlaması üçün nəzərdə tutulmuş kiçik, diqqətlə gizlədilmiş bir sahədir.
Stüardessa Keytinin ötən ilin iyul ayında paylaşdığı video gözlənilmədən viral olub və TikTok platformasında trendə düşüb. Cəmi 40 saniyəlik bu qısa video artıq 1,3 milyondan çox baxış toplayıb. Videoda Keyti təyyarənin "gizli zonasından" nadir görüntüləri izləyiciləri ilə bölüşür.
"Biz uzaqməsafəli reyslər zamanı məhz burada yatırıq", – Keyti ekipaj üzvlərinin növbə zamanı dincəlməsi üçün nəzərdə tutulmuş kiçik, lakin rahat yataq yerini göstərir.
Keytinin sözlərinə görə, kiçik ölçüsünə baxmayaraq, bu yuxu yeri gözlənilmədən rahatdır. Yataq nazik döşək, çarşaf və hətta turbulentlik zamanı təhlükəsizlik kəməri ilə təchiz olunub. O, havadakı yüngül silkələnmənin beşikdəymiş kimi sakitləşdirici təsir göstərdiyini və bu səbəbdən tez yuxuya getdiyini vurğulayıb. Jurnalistlərin qeyd etdiyinə görə, belə istirahət yerləri kompakt olub, kiçik kapsullara bənzəyir.
Bununla belə, onlar uzaqməsafəli avialaynerlərin ayrılmaz hissəsi hesab olunur. Ən çox hallarda bu tip sahələr ya əsas salonun üstündə, pilot kabinəsinin yaxınlığında, ya da sərnişin oturacaqlarının altındakı xüsusi bölmələrdə yerləşir.
Keytinin videosu istifadəçilər arasında birmənalı qarşılanmayıb. Bəziləri aviaşirkətlərin işinin pərdəarxasını görmək imkanı qarşısında təəccübləndiklərini bildiriblər və stüardessaların əslində necə istirahət etdiklərinə şahid olublar. Digərləri isə bu məkanı çox dar hesab edərək, onu narahat və hətta klaustrofobik adlandırıblar.