18 yaşlı futbolçu “Liverpul”u xilas etdi – “Enfild”i coşdu
21 oktyabr 2026 09:52 (UTC +04:00)

18 yaşlı futbolçu “Liverpul”u xilas etdi – “Enfild”i coşdu

0

İngiltərənin “Liverpul” klubunun 18 yaşlı futbolçusu Rio Nqumoha Çempionlar Liqasında göstərdiyi möhtəşəm performansla gecənin əsas qəhrəmanına çevrilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” Çempionlar Liqasında İspaniyanın “Vilyarreal” klubunu 4:3 hesabı ilə məğlub edib. Yeddi qolun vurulduğu qarşılaşmada Nqumoha fərqlənməsə də, komandasının geridönüşündə həlledici rol oynayıb.

İlk hissədə iki top fərqi ilə geriyə düşən İngiltərə təmsilçisi çətin vəziyyətə düşüb. Lakin gənc futbolçunun fəallığı oyunun gedişini dəyişib.

Aleksis Mak Allister hesab arasındakı fərqi azaltdıqdan sonra Nqumoha gözəl ötürmə ilə Ronald Arauxonu qol vəziyyətinə çıxarıb. Arauxo hesabı bərabərləşdirib.

İkinci hissədə də rəqib müdafiəçilərə çətin anlar yaşadan 18 yaşlı futbolçu əvvəlcə Serxi Kardonanı keçib, daha sonra Xuan Foytun müqavimətinə baxmayaraq, Mak Allisterə məhsuldar ötürmə verib. Argentinalı futbolçu bu epizodda “Liverpul”u hesabda önə çıxarıb.

Florian Virtsin vurduğu dördüncü qol isə yekun nəticə baxımından həlledici olub.

Nqumoha oyunun 74-cü dəqiqəsində Bredli Barkola ilə əvəzlənərkən “Enfild” stadionunda azarkeşlər ayağa qalxaraq onu alqışlayıblar. Tribunalar dəfələrlə “Rio, Rio, Rio” şüarları səsləndirib.

Final fitindən sonra stadionda məşhur “Duran Duran” qrupunun “Rio” mahnısı səsləndirilib.

Gənc futbolçu UEFA tərəfindən matçın ən yaxşı oyunçusu seçilib. Mükafatı aldıqdan sonra qapıçı Alissonun onu qucaqlaması da gecənin diqqətçəkən anlarından biri olub.

Nqumoha qarşılaşmadan sonra açıqlamasında bu oyunun karyerasındakı ən yaxşı çıxışlardan biri olduğunu bildirib.

“Bu, indiyədək keçirdiyim ən yaxşı oyunlardan biridir. Meydanda olmaqdan həzz aldım və komanda mənə çox kömək etdi. Top ayağımda olanda bir və ya iki rəqibə qarşı mübarizə aparmaq fürsəti yaranırsa, özümə inanıram. Bundan sonra da belə davam edəcəyəm və amansız olacağam”, – deyə futbolçu bildirib.

Qeyd edək ki, 18 yaş 52 günlük Nqumoha Çempionlar Liqasında “Liverpul”un heyətində qol vuran və ya məhsuldar ötürmə edən ən gənc futbolçu kimi tarixə düşüb.

O, ötən il “Nyukasl”la qarşılaşmanın əlavə vaxtında vurduğu qələbə qolu ilə diqqətləri üzərinə çəkib. Bu mövsüm isə İngiltərə millisində debüt edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar