Süni intellekt 80 ildir alimləri çaşdıran  riyazi problemi həll etdi
06 avqust 2026 17:17 (UTC +04:00)

Süni intellekt 80 ildir alimləri çaşdıran riyazi problemi həll etdi

0

Süni intellekt alimlərin 80 ildən artıq müddətdə həll edə bilmədiyi riyazi problemi həll edərək elmi ictimaiyyətdə böyük maraq doğurub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, müasir riyaziyyatın ən məşhur simalarından biri olan Pol Erdöşün irəli sürdüyü və uzun illər həllini tapmayan hipotezə nəhayət cavab verilib.

Alimlərin sözlərinə görə, problemi süni intellekt həll edib. Araşdırmanın nəticələri OpenAI tərəfindən dərc olunub. Prinston Universitetinin kombinatorika üzrə mütəxəssisi Noqa Alon nəticələri şərh edərək bildirib:

"Bu, indiyədək əldə olunan ən təsirli nəticələrdən biridir. Artıq demək olar ki, hər bir neçə gündən bir süni intellektin köməyi ilə yeni riyazi sübut ortaya çıxır. Bu, riyazi tədqiqatların simasını dəyişir".

Bununla belə, bəzi alimlər süni intellektin riyaziyyata təsiri ilə bağlı narahatlıqlarını da ifadə ediblər. Texas Universitetinin fizik və riyaziyyatçısı Tomas Çen hesab edir ki, "qara qutu" prinsipi ilə işləyən süni intellektdən istifadə riyaziyyatın əsas prinsiplərinə zərbə vura bilər. Pol Erdöşün hipotezi belə bir sualı cavablandırmağa çalışırdı: müstəvidə verilmiş istənilən sayda nöqtə üçün eyni məsafədə yerləşən nöqtə cütlərinin maksimum sayı nə qədər ola bilər?

Alimlər 80 il ərzində bu hipotezi nə təsdiq, nə də təkzib edə bilmişdilər. Lakin OpenAI-yə bu problemi həll etmək tapşırıldıqda, süni intellekt gözlənilməz nəticə təqdim edib. O, hipotezin doğru olmadığını göstərən əks nümunə (kontrnümunə) tapıb. Mançester Universitetinin kombinatorika və ədədlər nəzəriyyəsi üzrə mütəxəssisi Tomas Blum bildirib ki, bu kontrnümunə Erdöşün ilkin qəfəs konstruksiyasının "təbii, lakin kifayət qədər mürəkkəb ümumiləşdirilməsi" olub.

Niyə bunu süni intellekt bacardı?

Mütəxəssislərin fikrincə, insanın bu nəticəyə gəlməsi üçün bir neçə nadir amil eyni anda baş verməli idi. Araşdırmaçı həm bu problemlə uzun müddət məşğul olmalı, həm də riyaziyyatın bir-birindən uzaq görünən sahələrini, xüsusilə cəbri ədədlər nəzəriyyəsini dərindən bilməli idi.

Noqa Alon qeyd edib ki, süni intellekt cəbri ədədlər nəzəriyyəsinin mürəkkəb alətlərindən istifadə edərək gözlənilməz əlaqələri üzə çıxarıb. Bundan başqa, alimlər vurğulayıblar ki, belə bir kontrnümunəni tapmaq üçün böyük səbir və inadkarlıq tələb olunur. İnsanlar uzun müddət nəticə əldə etməyəndə adətən araşdırmanı dayandırırlar.

Süni intellekt isə yorulmur, emosiyalara qapılmır, eqosu yoxdur və fasiləsiz şəkildə məlumatları təhlil edə bilir. Bu xüsusiyyətlər onun mürəkkəb problemlərin həllində üstünlük qazanmasına imkan yaradır.

Süni intellektin hazırladığı vaksin də uğur qazandı

Bundan əvvəl Kembric Universiteti və Britaniyanın DIOSynVax biotexnologiya şirkətinin hazırladığı, süni intellektdən istifadə olunaraq yaradılan universal koronavirus vaksini insanlar üzərində keçirilən ilk klinik sınaqları uğurla başa vurub. Bu vaksinin hazırlanması zamanı süni intellekt və maşın öyrənməsi texnologiyalarından istifadə edilərək immun sistemini müxtəlif virusları tanımağa öyrədən xüsusi "superantigen" hazırlanıb. Bu, süni intellektin köməyi ilə yaradılmış vaksinin insanlar üzərində uğurla sınaqdan keçirildiyi ilk nümunə hesab olunur.a

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar