19 dəqiqəlik hit   bütün zamanların ən yaxşı  mahnısı seçildi
24 iyun 2026 13:26 (UTC +04:00)

19 dəqiqəlik hit bütün zamanların ən yaxşı mahnısı seçildi

0

1972-ci ildə yayımlanan və Britaniyanın məşhur Yes qrupuna məxsus olan "Close to the Edge" mahnısı bütün zamanların ən yaxşı uzunmüddətli mahnısı seçilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 19 dəqiqə davam edən kompozisiya rok musiqisinin sərhədlərini genişləndirərək musiqi əsərinin nə qədər böyük və mürəkkəb ola biləcəyini nümayiş etdirib.

Mahnı yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq, hələ də yüksək qiymətləndirilir. Qrupun solisti Con Anderson və gitaraçısı Stiv Hau tərəfindən yazılan əsər 18 dəqiqə 43 saniyə davam edir.

Mahnıda proqressiv rok, klassik musiqi və caz elementləri bir araya gətirilib. Mahnının sözləri qismən alman yazıçısı Herman Hessenin "Siddhartha" romanından ilham alıb. Kompozisiya boyunca ritm, atmosfer və musiqi vurğuları dəfələrlə dəyişir.

"Close to the Edge" albomu 1972-ci ilin sentyabrında işıq üzü görüb və Yes qrupunun karyerasında mühüm mərhələ hesab olunur. Albom ABŞ-da Billboard 200 siyahısında üçüncü, Böyük Britaniyada isə dördüncü pilləyə yüksəlib. Sonradan albomun ABŞ-da satışları bir milyonu ötüb.

Bu yaxınlarda vinil musiqi və kolleksiyaçılıq mövzusunda ixtisaslaşan "Goldmine" jurnalı 10 dəqiqədən uzun olan ən yaxşı 20 mahnının reytinqini hazırlayıb. Siyahının ilk pilləsində "Close to the Edge" qərarlaşıb. Musiqi tənqidçilərinin fikrincə, bu əsər proqressiv rok tarixinin ən mühüm nailiyyətlərindən biri sayılır və illərdir müxtəlif nüfuzlu reytinqlərdə yer almağa davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar