AYB sədri, Xalq yazıçısı Anar
27 iyul 2021 13:49 (UTC +04:00)

AYB sədri, Xalq yazıçısı Anar

Anar Əkrəm Əylisli barədə: “Günahlarını yuyar, mən də alqışlayaram”

Lent.az Kulis.az-a istinadən AYB sədri, Xalq yazıçısı Anarla Əkrəm Əylislinin sonuncu müsahibəsi ilə bağlı söhbəti təqdim edir.

- Anar müəllim, Əkrəm Əylisli sonuncu müsahibəsində belə bir fikir işədib ki, mən Anar və Elçinlə oturub bitmiş münasibətlərimiz, bir daha heç vaxt heç bir yerdə gülə bilməyəcəyimiz günlərə ağlamaq istəyərdim. Münasibətiniz maraqlıdır...

- Ağlamasın, niyə ağlayır? Bütün günahlar özündədir. Özü bizdən uzaqlaşdı. İndi yaxınlaşmaq istəyirsə, buyursun.

- Gəlsə, qəbul edərsiniz?

- Qəbul edərəm, niyə etmirəm? Ancaq bir şərtlə ki, öz səhvlərini boynuna alsın. O, elə bilir, özü haqlıdır, qalan heç kəs haqlı deyil. Amma mənə qarşı da, atama qarşı da, müəyyən dərəcədə Elçinə qarşı da ən ağır sözləri o söyləyib, biz də uyğun cavabı vermişik. İndi nə şəkildəsə peşman olubsa, lap yaxşı, mən peşmançılığı da başa düşə bilərəm, qəbul edə bilərəm, bir şərtlə; deməsin ki, ancaq bu haqlıdır, qalan adamlar haqlı deyil.

- Siz onu yazıçı kimi həmişə təqdir eləmisiniz...

- Yazıçı kimi mən sizə indi bizim münasibətin ən kritik dönəmində belə onu deyə bilərəm ki, vaxtıyla mən onun haqqında rus dilində “Komsomolskaya pravda” qəzetinə yazdığım məqaləni özüm tərcümə edib, bir neçə ay qabaq “Azərbaycan” jurnalında çap eləmişəm. Məqalə başdan-ayağa tərifdən ibarətdir. Bu, mənim ona münasibətim, o da onun mənə münasibəti.

- Deyir, yazmaq istədiyimiz ən yaxşı əsərimizi yaza bilmədik. Arzuladığımız, ümid etdiyimiz səviyyədə böyük yazıçı ola bilmədik.

- İndi o yaza bilməyib, o demək deyil ki, hamı yaza bilməyib? Məsələn, mən hesab edirəm ki, çox yaxşı şeylər yazıram və qalın-qalın kitablarım çıxıb. İndi hərə özündən razıdır. O yaza bilməyib, öz işidir. Niyə onu hamıya aid eləyir? Elçinin də kitabları çıxıb, mənim də kitablarım çıxıb. Axırıncı o ermənipərəst əsəridir, o da yaxşı deyildi. Yaxşı əsər yazar, günahlarını yuyar bu xalq qarşısında, mən də onu alqışlayaram.

- Anar müəllim, yazıçısınız, yazıçılar da aydın məsələdir ki, müxtəlif əhvallarda ola bilirlər. Əkrəm müəllimin dediyi o ağlamaq ehtiyacı heç olubmu sizdə?

- Mən niyə ağlayım ki? Torpaqlarım azad olunub, Şuşam azad olunub... Ağlıma gəlməzdi ki, mən bu yaşımda gedib Şuşanı görəcəm. Getdim, gördüm. Bundan sonra mən niyə ağlamalıyam? Mən ancaq sevinirəm, gülürəm, şənlənirəm, fərəhlənirəm, qürurlanıram.

- Əkrəm müəllimin dediyi o kontekstdir ki, dostluğunuz, münasibətiniz üçün heç kədərlənmisinizmi?

- Kədərlənirəm, niyə kədərlənmirəm? O da mənə yaxın bir insan idi. Yaxşı münasibətlərimiz olub. Hər dostu itirmək asan məsələ deyil. Bir fikrim var, həmişə deyirəm ki, mənim dostlarımın bir hissəsini ölüm aldı, bir hissəsini həyat. Ölümün aldıqlarına mən təəssüflənirəm və həmişə xatırlayıram onları. Yusif Səmədoğludu, Vaqif Səmədoğludu, Emindi, Toğruldu, Araz Dadaşzadədi – bunları həmişə xatırlayıram. Bir hissəsini də həyat aldı. Həyatın aldığı dostlardan biri də Əkrəmdir ki, cürbəcür hisslərə görə - həsədmi deyim, kinmi deyim, nəyə görəsə, başladı bizi yamanlamağa. Yazıçılar Birliyində niyə oturub? Gəl otur də sən də. Yazıçılar arasında hörmətin vardı səni də seçəydilər, gəlib oturaydın. Özü də nə qədər yalanlar uydurdu. Deyir, onu Yazıçılar İttifaqına mən gətirmişəm. Düzdür, birinci iclasda bu təklifi elədi, mən də hər dəfə bunu yazıram. Amma başqa yazıçılar da, məsələn, İsmayıl Şıxlı da məni təklif elədi. Özü istirahətə gedirdi. Gah deyir, Həsən Həsənov onu ora gətirib, gah deyir, Vaqif Hüseynov... Bu yaşda bu qədər yalan danışmaq olmaz axı. Gözləyirəm ki, allah var və bilir bunların hamısını. Məndə kin yoxdur. Bağışlamaq bacarığım var. İnsanları bağışlaya bilirəm, amma unutmuram.

- Belə başa düşmək olar ki, sizin ondan qəlbiniz qırılmayıb, sadəcə inciksiniz?

- Bəli, incimişəm. Amma dediyim kimi, bağışlamağa da hazıram.

# 4317
avatar

Oxşar yazılar