Xolesterini salmaq üçün bu qidanı çiy yeyin – Alimlər 5 təsirini açıqladı
22 avqust 2026 19:15 (UTC +04:00)

Xolesterini salmaq üçün bu qidanı çiy yeyin – Alimlər 5 təsirini açıqladı

0

Sarımsağın rasionda artırılması xolesterin göstəricilərinə və ürək-damar sağlamlığına müəyyən müsbət təsir göstərə bilər. Alimlər xüsusilə çiy sarımsağın tərkibində olan allisin maddəsinin bu baxımdan daha fəal olduğunu bildirirlər. 

Lent.az xəbər verir ki, araşdırmalara görə, sarımsaq və sarımsaq tərkibli əlavələr xolesterinin azalmasına, ümumi xolesterin səviyyəsinin yaxşılaşmasına və bəzi hallarda qan təzyiqinin aşağı düşməsinə kömək edə bilər.

Tədqiqatlardan birində yüksək LDL, yəni xolesterini olan iştirakçılar səkkiz həftə ərzində sarımsaq tərkibli əlavə qəbul ediblər. Müddətin sonunda onların LDL səviyyəsində orta hesabla təxminən 6 faiz azalma qeydə alınıb. Bununla belə, mütəxəssislər nəticələrin istifadə edilən sarımsağın formasından, miqdarından və insanların ümumi sağlamlıq vəziyyətindən asılı olaraq dəyişə biləcəyini qeyd edirlər.

Ümumi xolesterin də aşağı düşə bilər

19 araşdırmanı əhatə edən elmi təhlildə metabolik sindromu olan şəxslərdə sarımsaq əlavələrinin istifadəsi ümumi xolesterinin müəyyən qədər azalması ilə əlaqələndirilib.

Metabolik sindrom yüksək qan təzyiqi, yüksək qan şəkəri, xolesterin və qan yağlarında pozğunluqlar, eləcə də qarın nahiyəsində artıq piylənmə kimi problemlərin birlikdə müşahidə olunmasıdır.

Araşdırmalarda ən nəzərəçarpan nəticələrin çiy və uzun müddət saxlanılmış sarımsaq ekstraktından əldə edildiyi bildirilib.

“Yaxşı” xolesterinə təsiri tam aydın deyil

HDL “yaxşı” xolesterin kimi tanınır. Bəzi araşdırmalarda sarımsaq qəbul edən insanlarda HDL səviyyəsində cüzi artım müşahidə edilib.

Lakin bu sahədə nəticələr birmənalı deyil. Bəzi tədqiqatlar müsbət dəyişiklik göstərsə də, digərlərində nəzərəçarpacaq təsir müəyyən edilməyib.

Qan şəkərinə də təsir göstərə bilər

Elmi məlumatlara görə, sarımsağın orqanizmin insulinə həssaslığının yaxşılaşmasına kömək edə biləcəyi ehtimal olunur.

Qanda şəkərin daha yaxşı nəzarətdə saxlanılması isə xüsusilə metabolik problemləri olan insanlarda ürək-damar risklərinin azaldılması baxımından əhəmiyyətlidir.

Qan təzyiqini azalda bilər

Bəzi araşdırmalar çiy sarımsaq, sarımsaq tozu və saxlanılmış sarımsaq ekstraktının qan təzyiqində müəyyən azalma yarada biləcəyini göstərib.

Mütəxəssislərin fikrincə, həm qan təzyiqinin, həm də xolesterinin nəzarətdə saxlanılması ürək-damar xəstəlikləri riskinin azaldılmasında mühüm rol oynayır.

Ən faydalı sarımsaq hansıdır?

Sarımsağın sağlamlığa mümkün təsirlərinin əsas səbəblərindən biri onun tərkibindəki allisin maddəsidir. Bu birləşmə sarımsaq doğrandıqda və ya əzildikdə əmələ gəlir.

Allisin yüksək temperaturun təsiri ilə parçalandığı üçün çiy və ya çox az bişirilmiş sarımsaqda onun miqdarı daha yüksək qala bilər.

Bununla belə, xolesterini azaltmaq məqsədilə sarımsaq qəbulunu kəskin şəkildə artırmaq və ya sarımsaq əlavələrindən istifadə etmək istəyən şəxslərin əvvəlcə həkimlə məsləhətləşməsi tövsiyə olunur.

Sarımsaq bəzi insanlarda qarın ağrısı, köp, ürəkbulanma, allergik reaksiya, ağız və bədən qoxusu yarada bilər. Bundan əlavə, qan durulaşdırıcı dərman qəbul edən şəxslərdə çox miqdarda sarımsaq qanaxma riskini artıra bilər.

Bu səbəbdən sarımsağı xolesterin dərmanlarının əvəzi kimi deyil, balanslı qidalanmanın bir hissəsi kimi qəbul etmək daha düzgün hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 100

Oxşar yazılar