Çox toylarda DAVA DÜŞƏCƏK  - Bu hələ harasıdır? – REPLİKA
12 sentyabr 2024 14:08 (UTC +04:00)

Çox toylarda DAVA DÜŞƏCƏK - Bu hələ harasıdır? – REPLİKA

Müğənnini toya çağırır, sonra da tutub döyür. Nədir məsələ? Fonoqrama ilə oxuyur. Bah... Guya bilmirdiniz ki, toya gələnlərin hamısı fonoqrama ilə oxuyur. Bir günə yarım saatlıq 5 toya gedirlər. Hamısında canlı oxusalar, onlarda boğaz qalar? İndi nə oldu ki, birdən ayılıb, coşdunuz?

Haqq olur sizə! Bizdə kimsə gözünün odu ilə saxladığı balasına toy etməyə hazırlaşanda, öz aləmində gücü çatdığı qədər ən yaxşı müğənni seçmək istəyir. Bəs müğənni seçimində hansı özəlliklərə önəm verir? Əksəriyyəti sosial şəbəkələrdə fake izləyicilərin yaratdığı imicə baxırlar, bir-iki ağzının sözünü belə danışa bilməyən, amma həyasızlığı ilə göz çıxaran, öz adını sənə qoyan, qaraguruh salan jurnalistlərin təriflədiyi mənasız mahnı oxuyançıları od qiymətinə çağırır balasının toy məclisinə. İnanın ki, musiqi təhsili olmayan, ömründə əlinə bircə kitab almayan, amma ən bahalı maşınlarda gəzib, milyonluq villalarda oturanlar toya gəlmək üçün toy sahibinin az qala qabığını soyurlar. Əsl sənətkarlar abır-həyalarına bükülüb qalıblar kənarda. Nə gözləyirdiniz ki? Çağırın da məclisinizə sözün əsl mənasında sənətkar olanları.

Günah bizim camaatdadır. Bizə nə olur, haqq olur! Fonoqramla ulduz olanları toya gətirib yerdən qalxan gənc nəslin də zövqünü korlayırıq. Yalnız sərxoş kişilər üçün atılıb-düşməyə əla şərait yaranır.

İndi həmin məclisdə olan yeniyetmələr, gənclər bizim sənətə can qoyan ifaçılarımızı haradan tanısınlar ki? Onları televiziya çağırmır, diskotekalara dəvət etmirlər (etsələr belə getməzlər-red.), konsertlərini doğru-düzgün təşkil edən nazirliyimiz yoxdur. Bəs bu gəncliyi “niyə gözəl sənətkarlarımızı tanımırsız” deyə qınayaq ki?

Bu məsələdə bir az da biz media əhlinin günahı var. Sənətkarı çağırırsan müsahibəyə uzağı 5 min oxucu tərəfindən axıracan baxılır. Amma bambılı birisi bir minnətlə gəlir Lent.az-ın redaksiyasına və söhbətinin oxunma sayı 150 mini keçir. Buna baxmayaraq, biz həmişə çalışırıq ki, oxunma sayı gətirməsə belə, ən ucqar yerdə qalan teatrlarımızın istedadlı aktyorlarını da, səsi olub efirə çıxmağa “day-dayısı” olmayan sənətkarlarımızı da millətə tanıdaq. Sizin də bir balaca insafınız olsun, tanımaq üçün heç olmasa nələrsə edin də...

Deməli belə, bu cür getsə, hələ çox toylarda dava düşəcək. Məndən demək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14202
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar