Dünyanın sancısını çəkən şair - Vaqif Bayatlı Odərin  74 yaşı tamam oldu
03 oktyabr 2022 15:49 (UTC +04:00)

Dünyanın sancısını çəkən şair - Vaqif Bayatlı Odərin 74 yaşı tamam oldu

Bu ay onun ayıdır. Oktyabrın 1-də 74 yaşını qeyd etdi, lakin böyük şairin sözün həqiqi mənasında günü-ayı yoxdur. Anası deyərmiş ki, Vaqif əncir dəyən vaxtlarda dünyaya göz açıb, şairin dost tanışları da bu sözdən istifadə edib oktyabrın 1-ni ona doğum günü deyə “ad eləyiblər”. Vaqif Bayatlı Odər imzası çoxdan ölkəmizin hüdudlarını aşıb. Kosmopolit duyğuların insanıdır o, sərhədlərə sığmaz, ona görə sevgi şairinin əsərləri Türkiyədə, İranda, İngiltərədə, ABŞ-da, Avstraliyada da oxunub və sevilib.

Lent.az Vaqif Bayatlı Odər barədə yazını təqdim edir.

İlahi sevgi bu dünyaya bir Vaqif Bayatlı Odər verdi, o sevgini, sevgi onu yaşatdı.

Vaqif Bayatlı Odər poeziyası məkan, zaman anlayışlarına, çərçivələrə sığmır. Onun poeziyasını anlamaq üçün dünyaya başqa gözlə baxmaq lazım gəlir-odərlərin gözlərilə.

O standartlardan kənar, alışılmışlıqlardan uzaq insandır. Tanınmayanda da sadə bir insan idi, tanınıb şöhrətlənəndə də. Bir zamanlar iş otağı dənizkənarı parkda qoca palıd ağacının altı idi. Orda oturub gah dənizlə, gah göylərlə, gah otlarla danışardı. Sükutundan bir şeir doğulardı bu sancı çəkən dünyaya Poeziyasını bir körpənin göz yaşından, bir ananın ağ saçından, bir körpənin yalın ayağından, bir bağbanın cadar-cadar olmuş əllərindən, payızın qaramatından, baharın şıltaqlığından oğurlayar, gözünün, ürəyinin süzgəcindən keçirərdi. Bir dəfə ondan poeziyanın nə olduğunu soruşmuşdular, cavabı bu olmuşdu: “Əlimi qoyuram o ağlayan uşağın başına, deyirəm bax, bu poeziyadır”. O hər şeydə hamının gördüklərindən daha çox şey görməyi bacaran adamdır. Dünyaya Tanrı kimi üstdən aşağı, insana İlahiyə baxırmış kimi altdan yuxarı baxan şairdir Vaqif Bayatlı.

Bu gün də yazır böyük şair. Gah milyonlarla il yol yüyürür Tanrıya sarı, gah bu qoca dünyadan qoca olur, gah özü böyüməyən bir uşağa çevrilir. Bayatlı Odər poeziyasını anlamaq üçün gərək bir az özünü dərk edəsən, bir az müdrik olasan, bir az özünü, bir az dünyanı tanıyasan. Ödər əslində şeir yazmır, dünyanın əlindən tutub yalın ayaq yol yeriyən körpə, məsum, məsum olduğu qədər də vəhşi insan oğluna bələdçilik edir. 

Min ildi, milyon ildi

Sənə sarı qaçıram,

ayaqlarım sevinir,

yolum sevinir, Allah.

hər gün Sənin Göyünə

mismarlanır qollarım

mismarlanır, dincəlir,

qolum sevinir, Allah.

Sevgin, yalnız sevgin var,

qollarımın gözündə.

Bəs nədən əzab gəzir,

qolumu dəlib yaran

mismarların üzündə?..

74 yaş şair üçün kiçik bir rəqəmdir, şairlər onda yaşayırlar ki, ölmürlər. Şair Odər ölümsüzlüyünü özü yazıb, yaza-yaza, sevgisini ürəklərə qaza-qaza qazanıb. Odər yaradıcılığına bir az baş vurunca elə onun dilylə sual verirsən. Nəyə lazımıdı bu boyda dünya?

Çoxda ki, ocaqlar his eləyirdi?

Fağır analara, gül balalara

Bu ocaq yanı da bəs eləyirdi...

Dünyanın ən böyük sancısını, ən böyük dərdini, sevgisini bax beləcə göz yaşı kimi töküb şair ürəyindən sətirlərə. Bizdən bizə şikayət edib, bizi bizə öyrədib. Baxsaq çox şey görərdik, baxammadıq, şair, baxammadıq.

# 1989
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar