Rüşvətlə saxta əlillik  düzəldənlərin İŞİ - "Atama da bu sənədi düzəltdim"
22 aprel 2026 17:58 (UTC +04:00)

Rüşvətlə saxta əlillik düzəldənlərin İŞİ - "Atama da bu sənədi düzəltdim"

0

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi, o cümlədən Poliklinika şöbəsinin müdiri Əlişirin Əliyevin, eləcə də Qabil Quliyev və İntiqam Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən şəxslərin dindirilməsi ilə davam edib.

Təqsirləndirilən İntiqam Kərimov ailə üzvlərindən atası üçün də sənəd düzəltdiyini bildirib:

"Yasamalda qaynımla şərikli kafe işlədirdim. Qabili kafedə görüb tanış olduq, yerli olduğumuzu bildim. Söhbət əsnasında dedi ki, əvvəl "voyenkomat"da işləyib. Əlişir Əliyevi də istintaqın yekununda tanımışam. Atama bu sənədi düzəltdim. Ona 4-cü qrup əlillik dərəcəsi lazım idi. Atam sənədin saxta olduğunu bilmirdi. Sənədin saxta olduğunu nə həkim komissiyası bildi, nə də sistem. Amma bir ildən sonra korrupsiya idarəsi işin üstünü açdı".

Təqsirləndirilən şəxslərdən Qabil Quliyev İntiqam Kərimovla kafedə tanış olduğunu deyib:

"Rayonda "paveska" paylaşan işləyirdim. Nəvəmi Zərifə Əliyeva adına göz klinikasının yanındakı bərpa mərkəzinə aparmışdım. Sonra bir kafeyə getdim. İntiqamla orada tanış oldum. Elə inandırıcı və səmimi söhbət edirdi ki, sanki illərin tanışı idik. Buna pul lazım idi. 5000  manat verdim ona. Dedi qaytaracam, narahat olma. Günlər, aylar keçdi, puldan xəbər çıxmadı. Sonra 350-400 manat qaytardı. Bir gün mənə 2-3 sənəd verdi ki, möhkəm saxla, gəlib səndən götürəcəklər. Zəng gəldi, çıxdım yola, ağ rəngli bir maşın gəldi, sənədləri maşındakı adama verdim. Mən heç bir zərərçəkmişi tanımamışam".

Digər təqsirləndirilən Əlişirin Əliyev uzun müddətdir ki, həkimlik təcrübəsinə malik olduğunu bildirib:

"Dəfələrlə ərizə verdim ki, məni həkim məsləhət komissiyası işindən uzaqlaşdırsınlar. Çünki az qala hər gün eşidirdim ki, həkimlər həbs olunur, rüşvətdə ittiham olunur. Direktor da dedi ki, işin əlli faizini sənin kimi bilən varsa, gəlsin, sən də o zaman get. Mən tək işləməyə başladım. Biz sənədlər əsasında baxıb əvvəldən hansı xəstənin əlillik ala biləcəyini təyin edirdik, sənədləri imzalayıb kompüter otağına göndərirdik. TƏBİB-dən eyni diaqnozla sənəd vurulandan sonra məsələnin üstü açıldı. Özüm də sosialdan siyahı gələndən sonra sənədlərin saxta olduğunu bilmişəm. Rüşvət sözü mənə yaddır, mən xalqıma təmənnasız qulluq etmişəm. Mənə qarşı çox haqsız ittihamlar oldu. Mən Qabil Quliyevi onun ən yaxın qohumu rəhmətlik Şıxəliyev Xanoğlan sayəsində tanımışam".

Növbəti proses 6 may saat 14:30-a təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsində baş vermiş qanunsuzluqlarla bağlı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İlkin istintaq zamanı müəyyən edilib ki, Əlişirin Əliyev vəzifədə işlədiyi müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girib. Onlar əlilliyin təyin olunmasına əsas verməyən hər hansı bir xəstəlikdən əziyyət çəkməyən şəxslərə əlillik dərəcəsi vermək məqsədilə külli miqdarda rüşvət alıblar. Bu şəxslər faktiki olaraq Həkim Məsləhət komissiyasında müayinədən keçirilməyiblər. Əliyev və digərləri bu məqsədlə TƏBİB-in “e-tabib” elektron sisteminə bilə-bilə yalan tibbi diaqnoz məlumatlarını daxil edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriblər. Onlar bu fəaliyyətlər müqabilində külli miqdarda rüşvət almaqda şübhəli bilinirlər.

Toplanmış sübutlara əsasən, Əlişirin Əliyev Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3-cü (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Qabil Quliyev və İntiqam Kərimov isə dələduzluq (178.1) və yuxarıda göstərilən cinayətlərə kömək etmə (32.5, 308.2; 32.5, 311.3.2, 311.3.3; 32.5, 313) maddələri ilə ittiham ediliblər. Təqsirləndirilən şəxslərin yaşı və səhhəti nəzərə alınaraq, istintaq orqanının qərarı ilə onların barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar