Mavi gözlü sənətkarın  yoxluğundan 63 il ötür   - Nazim Hikmət hələ də yaşayır
03 iyun 2026 18:25 (UTC +04:00)

Mavi gözlü sənətkarın yoxluğundan 63 il ötür - Nazim Hikmət hələ də yaşayır

0

Bəzi insanlar var ki, yalnız yaşadıqları dövrə deyil, gələcəyə də səslənirlər. İllər keçsə də, onların misraları meydanlarda, kitablarda, mahnılarda və insanların qəlbində yaşamağa davam edir. Türk poeziyasının dünya miqyasında ən böyük nümayəndələrindən biri olan Nazım Hikmət Ran də belə şəxsiyyətlərdən biridir.

Lent.az xəbər verir ki, əsərləri 50-dən çox dilə tərcümə edilən, şeirləri milyonlarla insan tərəfindən əzbər bilinən Nazım Hikmət ölümünün 63-cü ildönümündə Türkiyədə və dünyanın müxtəlif ölkələrində anılır.

1963-cü il iyunun 3-də Moskva şəhərində keçirdiyi ürək tutması nəticəsində vəfat edən böyük şair arxasında təkcə şeirlər deyil, həm də azadlıq, sülh, vətən sevgisi və insanlıq idealları üzərində qurulmuş zəngin bir irs qoyub.

Nazım Hikmət öz həyat hekayəsini danışarkən deyirdi: "1902-ci ildə Salonikidə anadan oldum. İlk şeirimi 13 yaşımda yazdım. Ailəm mənim istedadlı uşaq olduğuma qərar vermiş və məni şeir yazmağa həvəsləndirmişdi".

Rəssam Cəlilə Xanım və Hikmət bəyin oğlu olan Nâzım mədəniyyət və sənətlə zəngin bir ailə mühitində böyüyüb. Təhsil aldığı Dənizçilik Məktəbində ona dövrün məşhur şairi Yahya Kamal Beyatlı dərs deyirdi.

Bir gün gənc Nâzımın yazdığı şeiri oxuyan Yahya Kamal ona demişdi ki, bu qədər bəzəyib-düzəyə bildiyinə görə, səndən mütləq şair olacaq.

16 yaşında şeirləri çap olunmağa başlayan Nâzım qısa müddətdə türk ədəbiyyatının diqqət mərkəzinə çevrilib.

Anadoludan Moskvaya uzanan yol

Türkiyənin İstiqlal Müharibəsi illərində Nazım Hikmət Anadoluda milli mübarizəyə dəstək vermək üçün fəaliyyət göstərib. Bir müddət müəllim işlədikdən sonra Batumi üzərindən Moskvaya gedib.

Moskvada keçirdiyi illər onun həm dünyagörüşünü, həm də yaradıcılığını formalaşdırıb. Rus poeziyası və inqilabdan sonrakı incəsənət cərəyanları gənc şairə ciddi təsir göstərib.

Nazım Hikmət türk poeziyasına sərbəst vəzni gətirən sənətkar kimi qəbul olunur. O, şeiri ənənəvi qəliblərdən azad edərək ona yeni ritm və yeni nəfəs qazandırıb. 1929-cu ildə çap olunan 835 Satır türk poeziyasında dönüş nöqtəsi hesab edilir.

Həbsxana illəri

Nazım Hikmət siyasi baxışlarına görə dəfələrlə məhkəməyə çıxarılıb. 1938-ci ildə açılan hərbi məhkəmə prosesləri nəticəsində ümumilikdə 28 il 4 ay həbs cəzasına məhkum edilib.

Lakin həbsxana divarları onun yaradıcılığını dayandıra bilməyib. İstanbul, Çankırı və Bursa həbsxanalarında olduğu illərdə o, türk ədəbiyyatının ən mühüm əsərlərindən bəzilərini yazıb. Bunların sırasında "Memleketimden İnsan Manzaraları və Kuvayi Milliye Destanı" xüsusi yer tutur.

Nazım Hikmətin azadlığa çıxması üçün dünyanın bir çox ölkəsində kampaniyalar təşkil olunub. Onun müdafiəsinə məşhur simalar Albert Kamü, Jan-Pol Sartr, Simona de Bovuar, Pablo Pikasso, Pablo Neruda qoşulublar. 

Pablo Nerudanın Nazım haqqında dediyi məşhur söz isə tarixə düşüb: “Nazımı qoruyun. Biz onun yanında şair belə sayılmarıq”.

1950-ci ildə ümumi əfv nəticəsində azadlığa çıxan şair həmin il Beynəlxalq Sülh Mükafatına layiq görülüb.

Sürgündə keçən illər

Lakin azadlıq uzun sürməyib. Hərbi xidmətə çağırıldıqdan sonra həyatından narahat olan Nazım Hikmət 1951-ci ildə Türkiyəni tərk edərək Sovet İttifaqına gedib. Həmin il Türkiyə vətəndaşlığından çıxarılıb.

Ömrünün qalan hissəsini sürgündə keçirsə də, vətən sevgisi onun yaradıcılığının əsas mövzularından biri olaraq qalıb. Şeirlərində Türkiyə daim yaşayırdı.

Nazım Hikmət yalnız şair deyildi. O, romanlar, pyeslər, məqalələr yazıb, jurnalistika ilə məşğul olub. Onun əsərləri Türkiyə ilə yanaşı Avropanın müxtəlif ölkələrində də səhnələşdirilib.

Məşhur yazıçı Yaşar Kamal onu “böyük xalq ozanlarının son böyük halqası” adlandırırdı.

Yaşar Kamalın fikrincə, türk dili yaşadıqca Nazım Hikmət də yaşayacaq.

Bu gün, vəfatından 63 il keçməsinə baxmayaraq, həmin sözlər öz aktuallığını qoruyur. Çünki Nazım Hikmət təkcə öz dövrünün deyil, gələcəyin də şairi olmağı bacarıb.

Novodeviçi qəbiristanlığında uyuyan mavi gözlü nəhəng öz şeirləri ilə hələ də azadlıqdan, qardaşlıqdan, ümiddən və insan sevgisindən danışmağa davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar