“Musiqidən başı çıxan adam onu nə proqrama çağırar, nə toyuna” – Rəvan Qarayevlə MÜSAHİBƏ
02 sentyabr 2026 14:16 (UTC +04:00)

“Musiqidən başı çıxan adam onu nə proqrama çağırar, nə toyuna” – Rəvan Qarayevlə MÜSAHİBƏ

0

Saat 23:30. Bizi əlaqələndirən xanımdan cavab gözləyirəm. Düşünürəm ki, yəqin yazacaq ki, siz sabah filan nömrəyə zəng edib danışın. Bu, müsahiblərin əksəriyyətinin etdiyi, bir qədər zaman qazanmağa çalışdığı metoddur. Lakin o, gözlətmir. Xəbər verir ki, xanım bu nömrəmlə əlaqə yaratsın.

– Elə bu saat? Gec deyil?

– Yox, ona problem yoxdur, yığa bilərsiniz.

Baxmayaraq ki, o saatda müsahibə vaxtı təyin etmək öz istəyi və seçimidir, yenə də bir qədər tərəddüd içində qalıram. Yığıram və çox keçmədən zəngi açır.

– Bu saatda narahat etmək…

Sözümü tamamlamadan mülayim formada “Siz niyə narahat olursunuz, məndə bu saat alınıb. Müsahibə üçün də sabah uyğundur?” deyə cavablayır.

Müsahibin yola gedən və ən yaxın gün seçəni də bir başqa olur – zəngdən sonra düşünürəm. Kaş, hamı bu cür kaprizsiz olsa.

Lent.az Azərbaycanın məşhur estrada və pop musiqisi ifaçısı Rəvan Qarayevlə müsahibəsini təqdim edir.

– Rəvan bəy, ənənəvi sualımızla müsahibəyə keçid edək. Son yaradıcılıq və sənət fəaliyyətləriniz haqqında məlumat verin, zəhmət olmasa.

– Bilirsiniz ki, 14 avqust Yaşıl Teatrda solo konsertim oldu. Bu, mənim tamaşaçılar qarşısında ilk solo konsertim idi. Mən heç gözləmirdim ki, konsert belə keçsin. Neçə illərdir ki, səhnədə olsam belə, düşünürdüm ki, istədiyim qədər insan gəlməz. Amma 2-3 gün qalmış bizim biletlər artıq bitmişdi. Səmimi deyim ki, məşqlərim tam ürəyimcə olmamışdı. Biz məşqlərə başlayanda 20 gün qalmışdı. Amma konsert ürəyimcə oldu. Hətta bizim proqramımız bitsə də, insanlar davam etməyimizi istəyirdi. Biz 15 dəqiqə daha artırıb dinləyicilərimizin xahişini yerə salmadıq. Hətta sizə deyim ki, çöldə qalan insanlar var idi. Fevralda Heydər Əliyev Sarayında yenidən konsert planlayırıq.

– Bir çox mahnınızın olmağına rəğmən, “Məktub yazıram”ı konsert adı seçdiniz. Bunu o qədər özəl edən nə idi?

– Bu mahnı mənə çox uğur gətirdi. Hətta sizə deyim ki, zorla gedib oxuduğum mahnılardan biri olub. Gecə saat 2-də, Hövsanda, dəniz kənarında çay içirdim. Dedilər, gedək, bunu oxu. Dedim, yox, ay qardaş, əl çəkin. Emin Nəbiyev məcbur etdi ki, oxumalısan. Gecə saat 4-ə qədər oxuyub bitirdim. Sözləri də mənə o qədər yaxın idi. Mən həmin vaxtlarda tək yatıb, tək dururdum. Özümü bu mahnıda gördüm və yaşadım. 1 ay sonra hər yerdə bu mahnı səslənməyə başladı. Dedim, bu hansı mahnıdır? Oxumaq istəmədiyim? Mənə uğur gətirdiyi üçün ona konsert hədiyyə etdim.

– Şəhid ailələrini də dəvət etmişdiniz.

– Bəli. Hökumə xanımın anası Kəmalə xanım da orada idi. “Hər şey yaxşı olacaq” mahnısını oxuyandan sonra özü məni tapmışdı. Mən onu çox istəyirəm, mütəmadi olaraq danışırıq. Hökumə xanım haqqında klip gedəndə özünü yaxşı hiss etmədi. Mən ora çox sayda şəhid anası dəvət etmişdim, hamısını diqqətdə saxlayırdıq.

- Qısa zaman sonra verəcəyiniz konsert birincidən nə ilə fərqlənəcək? Eyni tamaşaçını yığa bilmək adına soruşuram.

 – Ümumiyyətlə, biz birinci konsertdə etdiyimiz heç nəyi ikinci konsertdə təkrarlamağı düşünmürük. Nə mahnı, nə bədii hissə eyni olacaq. Biz hər bir mahnı üçün səhnə qurmuşduq. Burada da eyni mahnıları oxusaq, düşünürəm ki, təkrarçılıq olacaq və yeni bir şeylər edə bilməyəcəyik. Bir-iki mahnı olduğu kimi qalmaqla, daha çox bəstəkar mahnılarına önəm verəcəyik. Sürpriz olaraq, bir Xalq artisti ilə səhnəni bölüşəcəyik.

– Kiminlə?

– Hələ ki, danışıqlar davam edir. Adını çəkmək istəmirəm. Çünki öncə razılaşmalıyıq. Daha sonra bu barədə məlumat verəcəyəm.

– Bəs sizə konsertdən sonra yeni duet təklifləri gəlir?

– Konsert olmamışdan əvvəl özüm bəzi ifaçılara müraciət edirdim. Bu gün-sabah deyə-deyə vaxt edə bilmirdik. Konsertdən sonra isə nə qədər müğənni duet üçün müraciət edir. Hazırda da mən heç kimlə duet oxumaq istəmirəm.

– Niyə?

– Çünki bu neçə il ərzində olmayıb. İllər əvvəl Könül Kərimova ilə duet oxumuşam. Xalq artistimiz Röya xanım mənə duetlə bağlı söz verib. Amma təbii ki, əlimizdə yaxşı mahnı olmalıdır.

– Duetləriniz olduqca azdır onsuz.

– Çünki mən heç bir duetin sona qədər uğurlu olduğunu görməmişəm. Proqram qurursan, əziyyət çəkirsən, sonra müxtəlif tədbirlərə bir yerdə qatılmağımızı istəyirlər. Baxırsan ki, duet ortağın qonorarı elə deyir ki, fikirləşirsən ki, yəqin, səni bu səhnəyə o gətirib. Amma mən belə problemlər yaşamaq istəmirəm. Təkəm və mənimlə çalışan komandamdan çox razıyam.

– Bir də kişi müğənnilərin xanımları onları duet ortağına qısqanır.

– Bəli. Əziyyət çəkirsən, bir də görürsən ki, həyatına elə bir adam gəlir ki, onunla duet oxumağa icazə vermir və sənin illərdir çəkdiyin əziyyət hədər olur.

– Sizdə də belə hal olub?

– Məndə? Xeyr.

– Mahnılarınızın böyük hissəsi lirik janrdadır. Niyə arada dəyişiklik etmirsiniz?

– Hər bir ifaçının öz yolu olmalıdır. Həmin müğənni səhnəyə gələndə bilməlidirlər ki, bu mahnını kim oxuyur. İzləyicilərim də mənə deyir ki, sizə yalnız lirik janr yaraşır. Bir də ki, bəzi müğənnilər fikirləşir ki, oynaq mahnılar oxuyacağam və toylarım çox olacaq. Bu, qətiyyən belə deyil. O deməkdir ki, mən lazımsız mahnıları oxuyum ki, toya gedim?

– Amma bu gün şou-biznes həm də toy üzərində qurulub.

– Düzdür, mən başa düşürəm, bizim şou-biznes toy üzərində qurulub. Biz toya getməsək, qazana bilməyəcəyik. Mən toya getməsəm, konsert edə bilməyəcəkdim. Mən toya getməsəm, özümə gün qura bilmərəm, maşın ala bilmərəm. Amma bununla belə, yenə də sənətə daha çox önəm verirəm və toylara dəvət almaqdan ötrü mahnı oxumamışam. Bəzi mahnılar var ki, onları toylarda canlı səsləndirmişəm, toyu aparmışam. Amma ritmik mahnılar oxumadan da toylara getmək mümkündür.

– Toy mahnıları deyəndə konkret hansı üslubda yazılanları nəzərdə tutursunuz?

– 6-8. Mən 6-8 mahnılardan heç vaxt oxumamışam, heç vaxt da oxumayacağam. Düzdür, bu üslubda yazılan çox gözəl bəstəkar mahnılarımız var. Amma siz təxmin edirsiniz ki, mən hansı mahnıları nəzərdə tuturam. Əgər bilsəm ki, bu mahnıları oxuyub toya gedəcəyəm, yenə də oxumayacağam. Mən mahnı oxuduqda onun toy üçün olacağını nəzərə almıram, nə də 2-3 gün “TikTok”da məşhur olacaq deyə oxumuram, mən yalnız sənətimi düşünürəm.

– Amma həmin mahnılar sosial şəbəkələrdə daha çox dinlənilir, paylaşılır.

– Bəli. Maksimum 2 həftə. Ondan sonra yenidən sıradan çıxır. Mən mahnını toya görə, “TikTok”da tutacaq deyə seçmirəm. Sözlərinin mənası gözəl olsun, səslənməsi gözəl olsun, aranjimanı yaxşı olsun. Mahnı mənim məhsulumdur və ona diqqətlə yanaşmalıyam. Bu, hər zaman belə olub. Bizim vaxtımızda da ara mahnılar sevilirdi, bu gün həmin mahnılar ara mahnılar kimi deyil, retro mahnılar kimi sevilir. Onların adlarını çəkməyəcəyəm. Sadəcə o vaxt “TikTok” olmayıb.

– Bəs oxumadan öncə daha çox dinlənilməsini nəzərə almırsınız?

– Elə mahnılar var ki, fikirləşirəm, bu mahnı çox seviləcək, amma orta dərəcədə qulaq asılır. Hansı mahnıya ki ümid bəsləmirsən, o mahnı çox sevilir, hər yerdə dinlənilir. Məsələn, Könül xanımla duet oxumuşdum. Gecə yatdım, səhər oyandım ki, hər yerdə bu mahnıdır. Amma mən oxuyanda bu qədər seviləcəyini düşünmürdüm. Mənə deyirdilər ki, televiziyada oxu, oxumurdum.

– Niyə? Bəyənmirdiniz?

– Bəyənməmək deyil e. Sadəcə qalmışdı da. Özümü o mahnıda görmürdüm, o vaxt oxumuşdum, qalmışdı.

– Təhsilinizi rus bölməsində almısınız. Mahnı oxuyarkən sizə çətinlik yaradır?

– Bəli, tələffüzlərimdə problem olur. Amma hər kəsə qulaq asdırıram ki, bəlkə, burada düz deməmişəm. Sona kimi onu düzəldirəm.

– Bir ara mahnı da yazırdınız. Sonra dayandırdınız. Səbəb nə idi?

– Bir ara studiya işi ilə məşğul oldum, istədim ki, öz mahnılarımı özüm yaradım. Sonra gördüm ki, buna gücüm çatmır. İfaçının işi ifa etməkdir. Hər işin öz peşəkarı var. Çox yorulurdum. Mahnını tap, sözünü yaz – zamanım çox gedirdi.

– Bir mahnı neçə müddətə ərsəyə gəlir?

– Yaxşı mahnının ərsəyə gəlməsi üçün 2 aya yaxın vaxt gedir.

– Bu gün canlı oxuyanların sayı fonoqramla oxuyanlardan daha azdır. Siz səbəbi nədə görürsünüz?

– Elə məkanlar olur ki, orada çox gözəl musiqiçilər olur. İnsan onlarla oxumaq istəyir. Elə məkanlar olur ki, orada çox bərbad musiqiçilər olur və onlarla heç nəyi canlı oxuya bilməzsən. Sən də onlarla oxuyub onların gününə düşürsən. Birinci növbədə, musiqiçilər zəifdirsə, diskdən oxumağa məcbur qalırsan. İkinci növbədə, canlı oxumağa canı yoxdur. Hər gün toy, toy – çox çətindir. Ona görə də arada dincəlməlidir, fonoqrama keçməlidir. Üçüncü növbədə isə ümumiyyətlə, oxuya bilmir.

– Bu gün oxuya bilməyib səhnəyə dəvət alanlar çoxdur?

– Lap çoxdur. Mən onları ifaçı saymıram. Musiqidən 1 faiz başı çıxan adam onu nə proqrama çağırar, nə toyuna.

– Amma çağırırlar.

– Səbəb odur ki, çoxlarının musiqidən başı çıxmır. Verilişlərə isə oxuya bilmirsə, pulunu verib çıxmalıdır da.

– Onların da çörək pulu belə çıxır.

– Elə müğənnilər var ki, oxumamalıdır, ayıbdır, başqa işlə məşğul olmalıdır. Amma heç kəsi məcbur etmək olmur ki, sən bu sənətdən getməlisən. Amma insan özü-özünü görməlidir də. Neyləyəcək burada? Hara kimi? Lazımsız mahnılar, lazımsız ifaçılar günü-gündən artır.

– Eyni səhnəni bölüşürsünüz həmin ifaçılarla?

– Adını çəkməyəcəyəm, biri var. Onun adını eşitsəm, toya girmərəm.

– Mahnılarını bəyənmədiyiniz üçün? Ya başqa səbəb var?

– İstəmirəm onunla səhnə bölüşmək. Amma ad çəkməyəcəyəm. Onun adı gələn yerə heç vaxt getmərəm. Özünə qarşı hörmətsizlik görürsənsə, ona qarşı ikiqat pis olmalısan.

– Səhnə dostunuz deyəsən, azdır.

– Dostlarım var. Məni istəyənlər də, istəməyənlər də var. Konsertdən sonra bildim ki, istəməyənlər kimlərdir. İnsan yaxşı bir iş görəndə onda qüsur tapmaq istəyirlər.

– Sizi istəməyənlər kimlərdir?

– Var da. Mənə dedilər ki, bir neçə müğənni çağır. Dedim, yox, indiyə qədər kimsə səhnəsinə məni çağırıb? Mən konserti tək verəcəyəm.

– Bildiyim qədərilə, atanız – Elşad Qarayev müğənni olmağınıza qarşı olub. Niyə müğənni olmağınızı istəmirdi?

– Deyirdi ki, universitet bitirmisən, get öz işinlə məşğul ol, bu, çətin sənətdir. Amma düşünürəm ki, sənətə olan sevgim məni saxladı. Bir də çox ata-bala sənətə birlikdə gəlib, amma sonradan ayrılıblar. Amma biz dözdük, qaldıq.

– Dediyi kimi çətin idi?

– Bəli. Çətin idi. Bir özəl kanal var idi, deyirdim, məni bir içəri buraxın, filankəs müəllimlə görüşüm. Amma qapıdan içəri buraxmırdılar. Mənə bu sənətdə atamdan başqa heç kəs dəstək olmayıb. Çoxları deyir ki, atası qabağa çəkdi. Amma insana kim dəstək olmalıdır ki? Müğənni olmayım, başqa sahədən olum, atam dəstək olmalıdır da.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 82

Oxşar yazılar