Müasir kitab bazarı və rəqəmsal kitabxanalar "qaranlıq" ədəbiyyatın əsl yüksəliş dövrünü yaşayır. Qadın auditoriyası erotika bazarında trendləri müəyyən edərək getdikcə daha cəsur, icazə verilən sərhədləri və hakimiyyət limitlərini araşdıran ziddiyyətli süjetləri seçir. Ay işığı altında romantik gəzintilər yerini nəzarət, dominantlıq və hətta açıq aqressiv ssenarilərin mərkəzdə olduğu hekayələrə verir.
Lent.az-ın xarici mediaya istinadla təqdim etdyi bu araşdırma qadınları klassik təhlükəsizlik anlayışından uzaq olan bu hekayələrin niyə cəlb etdiyini anlamağa çalışır.
Uzun müddət elm bəsit təkamül modellərinə əsaslanırdı. Hesab olunurdu ki, qadınlar uzunmüddətli sağ qalmaq üçün proqramlaşdırılmış şəkildə qayğıkeş və etibarlı tərəfdaşlar axtarırlar. Lakin "qaranlıq romantika" janrının və video kontentdəki spesifik ssenarilərin populyarlığı bu nəzəriyyələri alt-üst edir. Məlum olur ki, qadın arzusu instinktlər deyil, təcrübə və psixologiyadan ibarət mürəkkəb bir kokteyldir.
Maksimilian T. P. fon Andrian-Verburqun rəhbərlik etdiyi tədqiqat qrupu "qaranlıq" süjetlərə marağı yaradan bir neçə əsas amili müəyyənləşdirib. Birincisi, ümumi libido səviyyəsidir; yüksək cinsi həvəsi olan qadınlar istənilən erotik stimullara daha kəskin reaksiya verirlər. Onlar üçün aqressiv alt mətn mütləq bir seçim deyil, sadəcə intensiv təcrübənin bir formasıdır.
Digər maraqlı məqam "emosional transfer" effektidir. Tam fiziki təhlükəsizlik şəraitində beyin qorxu, şok və ya gərginlik kimi güclü emosiyaları cinsi oyanışa çevirə bilir. Həmçinin təcrübə vasitəsilə öyrənmə faktoru da mühüm rol oynayır; əgər qadın əvvəllər oxşar kontent istehlak edibsə, beyni aqressiv ssenari ilə həzz arasında davamlı assosiativ əlaqə qurur ki, bu da təbiətin deyil, vərdişin nəticəsidir. Sosial miflərin təsiri isə oxucunu bəzən razılığın olmamasını "gizli istək" kimi şərh etməyə sövq edə bilər.
Alimlər vurğulayırlar ki, erotikadakı üstünlüklərimiz bioloji bir "proshivka" deyil, media istehlakımızın, topladığımız təcrübənin və cəmiyyətdən mənimsədiyimiz yanaşmaların güzgüsüdür.
Biz oyanmağı öyrənirik və kitablarda bizi cəlb edən məqamlar vəhşi təbiətimiz haqqında deyil, emosiyalar əldə etmək üçün hansı psixoloji mexanizmlərdən istifadə etdiyimiz haqqında məlumat verir.
Qeyd edək ki, bu araşdırma iştirakçıların özünüqiymətləndirməsinə əsaslanıb və coğrafi məhdudiyyətlərə malikdir, buna görə də mütəxəssislər nəticələri bütün mədəniyyətlər üçün mütləq həqiqət kimi qəbul etməməyə çağırırlar.