Şekspirin evində 400 illik sirli əlyazma  tapıldı
12 noyabr 2025 17:42 (UTC +04:00)

Şekspirin evində 400 illik sirli əlyazma tapıldı

0

Uilyam Şekspirin uşaqlıq evində tapılan bir əlyazma dahinin ailəsi haqqında təsəvvürləri tamamilə dəyişə bilər. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yeni araşdırma həmin əlyazmanın müəllifinin kim olduğunu müəyyən edib və Şekspir ailəsinin gizli sirrini açır.

Naməlum “Ruhani vəsiyyətnamə”

1757-ci ildə, Şekspir ailəsinin Stratfordin-Avon şəhərindəki evində aparılan təmir zamanı “Ruhani vəsiyyətnamə” adlı dini məzmunlu bir əlyazma tapılmışdı. İki əsr ərzində bu sənədin müəllifliyi şairin atası Con Şekspirə aid edilir və onun gizli katolik inancının sübutu kimi qəbul olunurdu. Lakin yeni tədqiqat bu versiyanı tamamilə dəyişib.

Nə atası, nə də Uilyam – bəs kim?

Bristol Universitetinin professoru Metyu Steggl mətnin məhkəmə-dilçilik analizini apararaq rəqəmsal vasitələrlə onun mənşəyini araşdırıb. O, əlyazmanın bəzi hissələrinin 1603-cü ildən sonra İngiltərəyə gətirilmiş italyan dualar toplusu “Zəvvar ruhunun vəsiyyətnaməsi”ndən götürüldüyünü aşkar edib. Halbuki Con Şekspir 1601-ci ildə vəfat edib. Bu isə onun müəllif ola bilməyəcəyini göstərib. Tədqiqatçılar diqqəti evin başqa bir sakininə – Uilyamın bacısı Coan Şekspir Garta yönəldiblər.

Savadlı, amma görünməyən bacı

Uilyamın kiçik bacısı Coan Şekspir 1646-cı ildə vəfat edənədək ailə evində yaşamışdı. Tarixi sənədlərdə onun adı cəmi yeddi dəfə çəkilir. İndiyədək onun yazı bacarığına və ya intellektual fəaliyyətinə dair heç bir sübut yox idi. Lakin dil və struktur analizi göstərib ki, bu mətn sadəcə köçürülmüş deyil - dərin şəxsi, düşüncəli və aydın şəkildə qadın üslubunda yazılmış əsərdir.

Qadın səsinin gücü

Əlyazmada dövrün normalarına zidd ifadələr də yer alır. Məsələn, Məryəm Ana “ruhların vəsiyyətnaməsinin əsas icraçısı” kimi adlandırılır - halbuki həmin dövrdə qadınların belə hüquqları yox idi.

Professor Steggl qeyd edir: “Bu, düşüncəli, cəsarətli və açıq şəkildə qadın qələmindən çıxmış mətndir. Sadəcə dua deyil, qadın müəllifliyidir”.

Əgər müəlliflik düzgün müəyyən edilibsə, Coan Şekspir ailədə yazılı irs qoyan ilk qadın və o dövrün yazı yazan azsaylı işçi təbəqə qadınlarından biri sayılacaq.

Yenidən yazılan tarix

Bu kəşf təkcə ailə tarixini deyil, dini baxışları da dəyişir. Əgər əvvəllər “Ruhani vəsiyyətnamə” Conun katolikliyinin sübutu kimi qəbul edilirdisə, indi bu, qadın dini itaətsizliyinin nümunəsinə çevrilir - o dövrdə belə mətnlərə görə cəza verilirdi.

Bu, həm də Virciniya Vulfun “Öz otağı” esse-sinə cavab kimidir. Vulf orada yazı yazmaq hüququndan məhrum edilmiş xəyali bacı – Cudit Şekspirdən bəhs edirdi. İndi isə alimlər sübut ediblər ki, həmin bacı uydurma deyil, real idi və o, yazırdı, həm də ürəklə.

Professor Steggl deyir: “Onun qardaşından yüz minlərlə əsər qalıb, amma indiyədək ondan bir dənə də yox idi”.

Dörd əsrlik sükutdan sonra, bəlkə də nəhayət, biz Uilyam Şekspirin real bacısının səsini eşitmişik. Bu kəşf dahinin formalaşdığı ailə və intellektual mühit haqqında anlayışımızı yenidən düşünməyə vadar edir.

İndi yeni suallar yaranır: görəsən, Uilyam Şekspir elə bir ailədə böyüyübmü ki, orada qadınlar təkcə savadlı deyil, həm də mürəkkəb dini və bəlkə də müxalif ideyalarla maraqlanırdılar?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar