Çöldə amansız soyuqdur. O halda dostlarla bir araya gəlib sizin üçün hazırladığımız filmlərdən birini izləməyi tövsiyə edirik.
Lent.az soyuq qış günlərində izləyə biləcəyiniz 5 filmi təqdim edir.
İdeal səs (2012)
Bu musiqili komediya tələbə a kapella ifaçılığı dünyasından bəhs edir, yəni instrumental müşayiət olmadan oxuma sənətindən. Süjetin mərkəzində Barden Universitetinin birinci kurs tələbəsi Bekka (Anna Kendrik) dayanır. O, DJ olmağı və musiqi prodüserliyi ilə məşğul olmağı xəyal edir.
Yaşıdları kimi məclislərə qatılmaq istəmir. Atasının xahişi ilə hansısa universitet dərnəyində özünü sınamağa razılaşır və beləliklə The Barden Bellas kollektivinin üzvünə çevrilir. Qrup ötən il yarışmada biabırçı çıxış etdikdən sonra nüfuzunu itirib. Bekka isə repertuara yeni nəfəs gətirməyə qərar verir.
Rejissor: Ceyson Mur
Baş rollarda: Anna Kendrik, Skaylar Astin, Rebel Uilson, Adam Divayn, Anna Kemp, Brittani Snou, Elizabet Benks, Con Maykl Higqins, Ester Din, Utkariş Ambudkar, Aleksis Knapp, Hana Mey Li
Hellboy (2004)
Mayk Minyolanın eyniadlı komiksləri əsasında çəkilmiş fantastik döyüş filmidir. Süjet İkinci Dünya Müharibəsi zamanı nasistlərin müharibənin gedişini dəyişmək üçün cəhənnəmdən çağırdığı bir varlıqdan bəhs edir. Lakin demon-körpəni amerikalı hərbçilər tapır və insan kimi böyüdürlər.
Rejissor Gilermo del Toronun çəkdiyi bu film komikslərin ən uğurlu ekranlaşdırmalarından biri hesab olunur. Bu, bəşəriyyəti qorumağa qalxan bir demonun hekayəsidir.
Baş rollarda: Ron Perlman, Selma Bleyr, Rupert Evans, Con Hört, Karel Roden, Dağ Cons, Ceffri Tambor, Ladislav Beran, Brayan Stil, Biddi Hodson, Kevin Treynor, Kori Conson
Yaşıl otaq (2015)
Film Ain’t Rights adlı pank qrupunun hekayəsini danışır. Uzaq bir neonasist barda çıxış etdikdən sonra onların gecəsi dəhşətli bir istiqamət alır, çünki heç vaxt görməməli olduqları bir hadisənin şahidi olurlar. Bundan sonra qrup sağ qalmaq uğrunda mübarizəyə başlayır. Əgər dinamik və həqiqətən qorxulu bir film axtarırsınızsa, bu seçim tam yerinə düşəcək.
Rejissor: Ceremi Solnye
Baş rollarda: Patrik Stüart, İmodcen Puts, Aliya Şokat, Kay Lennoks, Kallum Törner, Mark Vebber, Erik Edelştayn, Co Koul, Devid V. Tompson, Meykon Bleyer
Azad solo (2018)
Bu sənədli film nüfuzlu “Oskar” mükafatına layiq görülüb. Divanda rahat otursanız belə, ovucunuzu tərlədən filmlərdəndir. Mərkəzdə peşəkar alpinist Aleks Honnoldun hekayəsi dayanır.
O, ABŞ-ın Yosemiti Milli Parkında yerləşən, 900 metr hündürlüyündə şaquli qranit divar El-Kapitanı fəth etməyi arzulayır. Lakin bunu heç bir sığorta olmadan – ip, karabin və ya dəbilqəsiz – etmək istədiyi üçün anlayır ki, ən kiçik səhv ani ölüm deməkdir.
Rejissorlar: Cimmi Çin, Elizabet Çay Vasarkeli
Baş rollarda: Aleks Honnold, Cimmi Çin, Tommi Koldvell, Sanni MakKendləs
Ölülərin sübhü (2004)
Bu, sağ qalma mövzusunda klassik bir döyüş filmidir. Burada əsas qarşıdurma təkcə canavarlarla deyil, həm də qapalı məkanda hakimiyyəti və resursları bölüşdürməyə çalışan insanlar arasında yaranır. Bu film rejissor Zak Snayderin debüt işi olub və onu məşhurlaşdırıb.
Ekran əsəri güclü vizual tərtibatı və yüksək dinamikası ilə seçilir.
Baş rollarda: Sara Polli, Mekhi Fayfer, Ceyk Veber, Vinq Reyms, Tay Barrell, Maykl Berri, Ceyn İstvud, Maykl Kelli, Lindi But, Kevin Zeqers, İnna Korobkina
Həmçinin, həyatda yeni uğurlara ilham verən komediya filmlərinə də baxmağı tövsiyə edirik. Bu 12 film qaranlıq düşüncələri dağıdır və insana sevinc bəxş edir.