Xalq artisti Şükufə Musayeva
22 may 2023 15:50 (UTC +04:00)

Xalq artisti Şükufə Musayeva

“Üzüm parça-parça oldu, gözümü qəlpə apardı” - Xalq artistinin başına gələn DƏHŞƏTLƏR – MÜSAHİBƏ

O, I Qarabağ müharibəsində iştirak edib yaralanan, bütün ömür yolunu cəbhə günləri şəkilləndirən yeganə Xalq artistimiz, yeganə xanım aktrisamızdır. O qədər zərif, kövrək duruşu var, düşünürsən ki, zərif büllurdan hazırlanıb, toxunsan qırılıb töküləcək. Yüz oğula bərabər, qəhrəman qadın olduğunu təsəvvür eləmək çətindir. O həm də Şuşa teatrının yaradıcılarından biridir.

Lent.az-ın müsahibi Şuşa Dövlət Dram Teatrının aktrisası, Xalq artisti Şükufə Musayevadır


- Şükufə xanım, ailəniz siz döyüşlərə gedəndə qarşınızı almaq istəmədi?

- Mən Bərdədə doğulsam da, həmin ərəfədə Şuşada işləyirdim. 1988-ci ildə Şuşada Mədəni Maarif texnikumunu bitirib Şuşa Mədəniyyət Evinə təyinat istəmişdim. O zaman hələ Şuşa Teatrı yox idi. Biz xırda tamaşalar hazırlayırdıq. Çox çətin günlər idi. Gərginlik yaranmışdı. Şuşanı dəhşətli dərəcədə çox sevirdim. Ermənilərin hücumları başlayanda sakit qala bilməzdim. Nizami ordumuz yox idi. Könüllülərə qoşulub cəbhəyə getdim. Bacılarım ailəli idilər. Onlar deyirdilər körpəmiz, ailəmiz olmasaydı biz də gedərdik. Mən subay idim.

-  Nə qədər müddət döyüşlərdə oldunuz?

- 2 il. Yaralanana qədər. Ağdərə, Kəlbəcər, Laçın uğrunda döyüşlərdə iştirak etdim. 

- Sizdən başqa qadınlar var idi hərbi hissədə?

- Hə var idi. Bilirsinizmi, gözümüzdə qorxu yox idi. Ağlıma gəlmirdi ki, yaralana və ya şikəst qala bilərəm. Ancaq döyüşmək, irəli getmək, bizimkilərə edilən zülmlərin intiqamını almaq düşüncəsi var idi. 23 yaşlı gənc, beyni qan...

- Gənc gözəl qız idiniz. Bəs düşünmürdünüzmü əsir düşərsiniz,  düşmən çox vəhşidir?

- Üstümdə həmişə ehtiyat bir qumbara gəzdirirdim. Əsir alınsam, özümü partlatmaq üçün. Amma belə bir şey olmadı. Çox ağır yaralandım, döyüş yolum yarımçıq qaldı.

- Necə xatırlayırsınız o  günü?

- Ağdərə uğrunda gedən döyüşdə yaralandım. Çox şey xatırlamıram. Yaralı yoldaşlarımı döyüş meydanından çıxarıb BMP-yə daşıdığım yadımdadır. BMP vuruldu. 8 nəfər ağır yaralandı, iki nəfər şəhid oldu. O yaralılardan biri də mən idim. Huşumu itirdim. Gözümü açanda xəstəxanada idim. Bütün bədənimi qəlpə yaralamış, üzümü parça - parça eləmişdi. Başımdan, gözlərimdən, qarnımdan, ayaqlarımdan yaralanmışdım. Yaşayacağıma ümid etmirlərmiş. Möcüzə nəticəsində sağ qalmışam. Üz gözüm elə halda idi ki, bərpa olunacağını sanmırdım. İndi kiçik izlər qalıb. Buna şükür edirəm. Qulağımın biri eşitmir. Daha doğrusu yaxından söz deyiləndə eşitmirəm.
Həkimlər dedilər ki, bədənimə düz 100 qəlpə girib. Qan itirmişdim. Boğaz damarlarımı, gözümün ağını da qəlpə parçalamışdı. Havalar soyuyan kimi gözlərim, ayaqlarım hələ də ağrıyır. O yaralardan sonra övladımın olmayacağını da dedilər. İnanmamışdım. Düşünürdüm ki, olar. Uşaqları çox sevirdim. Çoxuşaqlı ana olmaq istəmişdim, həmişə. Müharibə arzumu ürəyimdə qoydu. Ana ola bilmədim. Başımdakı qəlpəni çıxarmaq üçün saçımın arxa hissəsini kəsib qırxanda hönkürmüşdüm. O qədər yara almışdım ağlamamışdım, saçım kəsiləndə ağladım.

- Qadınlar kişilərə nisbətən daha həssas qarşılayırlar bütün xəbərləri. Siz yaralıydınız və torpaqların alınması xəbərlərini eşidirdiniz. Yəqin çox ağır idi.

- Yaralanmamışdan qabaq da bu xəbərlər dəhşətli dərəcədə pis təsir edirdi. Xüsusən Şuşanın alınması xəbəri ömrümün ən dəhşətli günü kimi yadımdadır.
“Şuşa işğal olunanda Laçında döyüşlərdə idim.  Qızğın döyüşlərlə düşməni geri çəkilməyə məcbur etdik. Xəbəri aldım, inanmırdım. Şuşa deyib ağlaşanların üstünə qışqırırdım ki, yalandır. Şuşa tərəfə baxdım. Şəhərdən qara tüstülər göyə qalxırdı. Onda dünya başıma yıxılmışdı.
Yaralanandan sonra xəstəxanada da dəliyə dönmüşdüm. O halımda qalxmaq, döyüşə getmək istəyirdim. Yanımda torpaqların alınması xəbərini işlədə bilmirdilər. Dəli bilirdilər məni. Hər dəfə torpaqlarımızın işğal olunması barədə xəbər gələndə ağlayıb, qışqırırdım ki, ola bilməz. Deyirdim, mən dəli deyiləm, niyə inanmırsınız, bizim torpaqlarımız işğal oluna bilməz.
Bilirsinizimi, ömrümün ən gözəl gününü Şuşanın azad edilməsi xəbərini aldığım gün hesab edirəm. Əhd etmişdim, Şuşanı hansı dövlət başçısı alsa, əllərindən öpəcəm, ayaqlarına qapanacam. Mən bu mənada Prezidentimizə çox minnətdaram. Tökülən qanlar yerdə qalmadı. Biz məğlub ordunun əsgərləri idik. Hamımıza qürurumuzu qaytardı.

- Övlad həsrətinizi dediniz. Həyat yoldaşınız da sənət aləmindəndir? Heç  uşaq arzuladığı olub?

- Yox, bizim sənətdən deyil. Uzaq qohumumdur. Mən bir neçə dəfə dedim ki, istəyirsən evlən başqasıyla, övladın olsun. Razılaşmadı. Dedi sən mənim həm uşağımsan, həm də ailəm.

-  Bəs, sənət yolunuz müharibədən sonra necə davam etdi?

- 1995-ci ildə Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum, qiyabi rejissorluq təhsili aldım. Hazırda Bakıda mədəniyyət evlərindən birində baş rejissor işləyirəm. Fəxri ad almışam, Prezident mükafatı almışam, "Tərəqqi" medalına layiq görülmüşəm. Sənət yolumdan narazı deyiləm. Niyə narazı olum ki? Nə etmişəmsə öz seçimim, öz istəyim olub. Daha evimizə, Şuşaya dönməyə çox az qalıb. Tezliklə orada olacağıq. Hətta ümid edirəm ki, növbəti teatr mövsümünü bəlkə Şuşada açdıq. Gedib Şuşanı gördüm. Azad olunmuş torpaqlarımıza ayaq basa bildim. Bütün yaşadığım çətinliklərə dəyərdi.

# 10572
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar