“Döyüşçü Rəssamların Birinci Respublika Sərgisi keçiriləcək”. Bunu Lent.az-a açıqlamasında “Qorqud” Araşdırmalar Mərəzinin rəhbəri, ehtiyatda olan zabit, Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı, rəssam Tərlan Eyvazov bildirib. Onun sözlərinə görə, sərgi “Qorqud” Araşdırmalar Mərəzinin təşəbbüsü, Azərbaycan Rəssamlar İttifaqının təşkilati, APA İnformasiya Agentliyinin informasiya dəstəyi ilə keçirilir.
“Qarabağ döyüşlərində iştirak etmiş rəssamlardan Pərinisə Əsgərova, Tərlan Eyvazov, İntiqam Ağayev və İlqar Əkbərovun 50-dən yuxarı müxtəlif janrlarda işləmiş əsrləri nümayiş olunur. Sərginin keçirilməsində əsas məqsəd müharibənin ağrı-acısını bilavasitə öz çiyinlərində hiss etmiş sənətçilərin bu hissləri öz əsrlərində necə təcəssüm etdirilməsini tamaşaçıya çatdırmaq, gənc nəslin vətənpərvərlik tərbiyəsinə öz töhfəsini vermək, vətəndaşlara dövlətçilik ideyalarının aşılanmasına xidmət etməkdir” - deyə, T. Eyvazov bildirib.
Doyüşçü-rəssam onu da vurğulayıb ki, sərgi ilk dəfə keçirildiyindən istər Qarabağ, istərsə də vaxtilə daxil olduğumuz Sovetlər Birliyinin qatıldığı müharibənin iştirakçıları olan təsviri sənəd ustalarının hamısını əhatə etmək mümkün olmayıb: “Ancaq ümid edirik ki, bu başlanğıc uğurlu olacaq və gələcəkdə belə tədbirlərin tez-tez keçirilməsi nəticəsində bütün arzu edən döyüşçü rəssamlarımız bu sərgidə iştirak edib, uğur qazanacaqlar”.
Qeyd edək ki, sərgi iyunun 24-də Rəssamlar İttifaqının sərgi salonunda açılacaq.