Yay mövsümü əyləncəli və romantik filmlər izləmək üçün ən uyğun vaxtlardan biridir. İstər dəniz kənarında, istər evdə istirahət edərkən əhvalınızı yüksəldəcək filmlər yay atmosferini hiss etməyə daha da kömək edir.
Lent.az yay axşamlarını daha maraqlı edəcək altı filmi təqdim edir:
The Last Summer (2019)
Bu romantik komediya məktəbi yeni bitirən bir qrup yeniyetmənin yay tətili boyunca yaşadığı sevgi, dostluq və gələcəklə bağlı qərarlardan bəhs edir. Film maraqlı süjeti və səmimi atmosferi ilə diqqət çəkir.
Ticket to Paradise (2022)
Baş rollarda Culiya Roberts və Corc Kluni çıxış edir. Film tropik adalarda keçən hadisələri, boşanmış bir cütlüyün qızlarının toyunun qarşısını almaq cəhdini və bu müddətdə yenidən yaxınlaşmalarını gülməli formada təqdim edir.
"Palm Springs" (2020)
Fantastika elementləri ilə zəngin romantik komediyada baş qəhrəman eyni günü təkrar-təkrar yaşamağa məcbur olur. Onunla eyni taleyi yaşayan başqa bir qonaqla birlikdə zaman dövrəsindən çıxış yolu axtarması filmin əsas xəttini təşkil edir.
No Hard Feelings (2023)
Cennifer Lourensin rol aldığı komediya çimərlik şəhərində yaşayan bir qadının utancaq gəncə özünəinam qazandırmaq üçün qəbul etdiyi qeyri-adi işi və bunun doğurduğu məzəli hadisələri ekranlaşdırır.
The Idea of You (2024)
Enn Hetuey və Nikolas Qalitsinin baş rolları paylaşdığı romantik dram yaş fərqinə baxmayaraq başlayan gözlənilməz sevgi hekayəsindən bəhs edir. Film musiqi festivalları, Avropa şəhərləri və yay səyahətləri ilə zəngin vizual atmosfer təqdim edir.
Freakier Friday (2025)
Məşhur ailə komediyasının davamı olan film bu dəfə yeni nəslin yaşadığı bədən dəyişmə macəralarını izləyiciyə təqdim edir. Yay ərəfəsində baş verən sehrli hadisələr ailəni yenidən gülməli vəziyyətlərlə üz-üzə qoyur.