Ermənistanda ölkənin sabiq prezidenti, müxalif “Ermənistan” blokunun lideri Robert Koçaryan barəsində qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılması başa çatıb.
Lent.az xəbər verir ki, “News.am” portalının məlumatına görə, qərar oktyabrın 23-də saat 17:30-da açıqlanacaq.
Xatırladaq ki, avqustun 25-də Ermənistanın sabiq prezidenti Robert Koçaryanın evində, oğlu, müxalifətçi deputat Levon Koçaryanın mənzilində, eləcə də Koçaryan ailəsi ilə əlaqəli şəxslərin ev və şirkətlərində axtarışlar aparılıb.
Həmin gün Baş Prokurorluq Robert Koçaryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə cinayət işi açıldığını açıqlayıb.
İş üzrə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın da adı keçir. O, Koçaryanın prezidentliyi dövründə müdafiə naziri vəzifəsində çalışıb.
Avqustun 26-da məhkəmə Koçaryanın böyük oğlu Sedrak Koçaryanın iki ay müddətinə həbsi ilə bağlı qərar qəbul edib. Robert Koçaryan barəsində isə xəstəxanadan evə buraxıldıqdan sonra, avqustun 27-də iki aylıq həbs qətimkan tədbiri seçilib. O, səhhətinin pisləşməsi səbəbindən Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən xəstəxanaya yerləşdirilmişdi.