Yerdən kənarda: Milyonlarla izləyicini heyran edən  5 güclü kosmos filmi
06 may 2026 16:31 (UTC +04:00)

Yerdən kənarda: Milyonlarla izləyicini heyran edən 5 güclü kosmos filmi

0

Kosmos hər zaman kino sənayesi üçün ən sirli və eyni zamanda ən cəlbedici mövzulardan biri olub. O, rejissorlara və aktyorlara nəinki elmi ideyaları kəşf etmək, həm də onları dərin insan hekayələri ilə birləşdirmək imkanı yaradır.

Lent.az izləyicilərin böyük rəğbətini qazanan, sadəcə möhtəşəm vizual effektlərlə kifayətlənməyib bəşəriyyətin kainatdakı yeri haqqında fəlsəfi düşüncələrə yol açan beş müasir kosmos filmini təqdim edir.

Interstellar, 2014

Hadisələr yaxın gələcəkdə, ekoloji problemlər səbəbindən Yerin tədricən yaşanmaz hala gəldiyi bir dövrdə cərəyan edir.

Vəziyyətin ciddiliyini nəzərə alan NASA, bəşəriyyət üçün yeni bir ev tapmaq məqsədilə "soxulcan dəliyi"ndən keçərək təhlükəli səyahətə çıxacaq bir qrup astronavtı bir araya gətirməyə qərar verir.

Hekayənin mərkəzində yalnız kosmos və elm deyil, həm də zaman mövzusu dayanır; rejissor zamanın "işləməsini" izləyicilərə Yerdəkindən tamamilə fərqli şəkildə təqdim edir. Mettyu Makkonahinin canlandırdığı ata ilə qızı arasındakı münasibət xüsusilə təsirlidir; bu, filmə səmimi duyğular qatır və onu daha "canlı" edir.

Elmi məqamlara gəlincə, bəzi yerlərdə mürəkkəb görünə bilsələr də, vizual görüntülər hər şeyi inandırıcı və maraqlı edir. Film öz reallığı, vizuallığı və musiqisi ilə heyran qoyur.

Ad Astra, 2019

Baş qəhrəman - atasını tapmaq və kosmik bir təhdidin sirrini açmaq üçün Günəş sisteminin kənarına səyahət edən bir astronavtdır. Bu, daha çox təklik və daxili travmalarla dolu bir dünyaya edilən psixoloji "səyahətdir".

Ekran işi kosmosu səssiz, soyuq və məsafəli bir mühit kimi təsvir edir; burada vurğu vizual şoudan ziyadə qəhrəmanının emosional vəziyyətinə yönəlir. Bir çoxları Bred Pittin güclü performansını və təcrid atmosferini qeyd edərək, filmi dərin bir dram adlandırıblar.

First Man, 2018

Film, Nil Armstronqun aya enən ilk insan olma yolundakı tarixi səyahətindən bəhs edir. Baş rolda Rayan Qoslinq çıxış edir.

Rejissor heyəti bu dəfə əsas diqqəti missiyanın özünə deyil, qəhrəmanın şəxsi yaşantılarına: onun çəkdiyi itkilərə və uçuşa hazırlığın gətirdiyi psixoloji təzyiqə yönəldib.

Kosmik səhnələr isə bu ekran işində maksimum dərəcədə real, gərgin və kameral (məhdud sahədə cərəyan edən) təsvir olunub. İzləyicilər bu hekayəni "böyük nailiyyətlərin ağır insani bədəli" kimi qiymətləndirirlər.

The Midnight Sky, 2020

Hadisələr Yerdə baş verən qlobal fəlakətdən sonra inkişaf edir. Corc Kluninin canlandırdığı alim Arktika stansiyasında tək qalıb. O, evə qayıtmaqda olan kosmik gəminin heyətini baş verənlər barədə xəbərdar etməyə çalışır.

Eyni zamanda rejissor astronavtların kosmosdakı həyatını nümayiş etdirərək sağ qalma, günahkarlıq və ümid mövzularını ustalıqla birləşdirib. Bəzi izləyiciler filmin "uzadıldığını" düşünsə də, digərləri onun vizuallığını və emosionallığını yüksək qiymətləndiriblər.

Dune, 2021

Ekran işi izləyiciləri digər ulduzların sakinlərinin ələ keçirmək üçün mübarizə apardığı Arrakis planetinin genişmiqyaslı hekayəsi ilə tanış edir. Bunun əsas səbəbi Arrakisdə ulduzlararası səyahəti mümkün edən və hətta zehni qabiliyyətləri artıran çox dəyərli bir resursun - "ədviyyatın" (spice) olmasıdır.

Baş qəhrəman, əvvəlcə bunu istəməsə də, tədricən bütün siyasi və hətta dini münaqişələrin mərkəzinə çəkilir.

Film bütövlükdə çox möhtəşəm görünür, lakin burada kosmos daha çox fon rolunu oynayır. Əsas diqqət müxtəlif tərəflər arasındakı mübarizəyə yönəlib. Ümumilikdə atmosfer kifayət qədər gərgin, lakin çox maraqlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 120

Oxşar yazılar