Azərbaycan Prezidenti:  Ukraynanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcəyik
13 iyul 2026 12:39 (UTC +04:00)

Azərbaycan Prezidenti: Ukraynanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcəyik

0

“Heç vaxt işğalla barışmayın”.

Lent.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Dmtri Qordonun sualına cavab olaraq bildirib.

“Hesab edirəm ki, nə Ukrayna xalqının, nə də Ukrayna rəhbərliyinin mənim məsləhətimə ehtiyacı var idi. Amma bu gün də həmin tövsiyəni təkrarlayardım: Heç vaxt işğalla barışmayın. Ukrayna da məhz bunu edir. O, işğalla barışmır. Baxmayaraq ki, ötən il ərzində çox çətin məqamlar yaşandı. Biz müəyyən dairələrin döyüş əməliyyatlarının faktiki olaraq işğalın rəsmiləşdirilməsi şərti ilə dayandırılması barədə təzyiqlərinin şahidi olduq. Lakin nə Ukrayna xalqı, nə də onun rəhbərliyi buna razılıq verdi.

Qarşı tərəfə hansı məsləhəti verəcəyimə gəlincə, əgər onlar məndən soruşsalar, əlbəttə, fikrimi bildirərəm. Ancaq hesab edirəm ki, sizin sualınız çərçivəsində bu barədə danışmaq düzgün olmaz. Müharibənin gələcək perspektivinə dair qiymətləndirməmə gəlincə, düşünürəm ki, bu, sizin baxışınızdan ciddi şəkildə fərqlənmir. Mən hesab edirəm ki, artıq çoxdan hər kəs anlamalı idi ki, bu müharibə dayandırılmalıdır. Həm də dərhal dayandırılmalıdır. Bu, Azərbaycanın mövqeyidir. Bu, mənim şəxsi mövqeyimdir. Həm də torpaqları işğal olunmuş, sonradan isə həmin işğala son qoymuş bir ölkənin rəhbəri kimi mövqeyimdir. Azərbaycanın təcrübəsi tarixdə nadir nümunələrdəndir. Biz həm işğal yaşamışıq, həm də uzun illər müxtəlif təzyiqlərlə üzləşmişik. Bizdən Qarabağdan imtina etməyimiz tələb olunurdu. Bu barədə dəfələrlə danışmışam. ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupu Qarabağı, təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini deyil, Laçın və Kəlbəcər rayonlarını da Ermənistana verməyimizi istəyirdi. Əvəzində isə bizə yalnız burada yerləşdiyimiz ərazinin şərqindəki beş rayonun qaytarılacağı vəd edilirdi. Lakin nə mən, nə də Azərbaycan xalqı buna heç vaxt razı olmazdı.

Bu, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan üç dövlətin ortaq mövqeyi idi və belə bir təzyiqə qarşı dayanmaq çox çətin idi. İkinci Qarabağ müharibəsi başlayanda isə onların hamısı bizdən dərhal dayanmağı tələb edirdi. Təzyiq göstərirdilər, hədələyirdilər, zəng edirdilər. Bəziləri bunu israrla, bəziləri isə daha yumşaq formada edirdi. Hamısı istəyirdi ki, biz dayanaq və vəziyyət olduğu kimi qalsın. Müharibənin müəyyən mərhələsində bizə deyirdilər ki, "Füzulini azad etmisiniz, bununla kifayətlənin". Biz isə müxtəlif diplomatik vasitələrdən istifadə etməli olurduq. Xarici işlər nazirimizi dəfələrlə Moskvaya, Vaşinqtona və Avropaya göndərirdim. Məqsədləri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinin qarşısını almaq idi. Lakin buna nail ola bilmədilər. Çünki xalqın iradəsini sındırmaq mümkün deyil. Müstəqilliyə, öz milli kimliyini qorumağa çalışan xalqı məğlub etmək mümkün deyil. Belə bir xalqı əsarət altına salmaq və ona iradə qəbul etdirmək mümkün deyil. Bu həqiqəti bu gün də müharibənin davam etməsini istəyənlər anlamalıdırlar.

Prezident Zelenskinin mövqeyi mənə məlumdur. O, bunu açıq şəkildə dəfələrlə bəyan edib. Bu ilin aprelində Azərbaycana səfəri zamanı da bu mövzuda ətraflı fikir mübadiləsi apardıq. Onun mövqeyi təmas xətti boyunca dərhal atəşkəsin elan edilməsidir. Bu təklifin indi nə dərəcədə aktual olduğunu deyə bilmərəm, ancaq bildiyim qədərilə o, bu mövqeyindən ictimai şəkildə geri çəkilməyib. Azərbaycanın mövqeyi isə dəyişməz olaraq qalır. Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Heç bir dövlətin sərhədləri zor tətbiq etməklə və ya həmin ölkənin xalqının razılığı olmadan dəyişdirilə bilməz. Bu məsələdə bizim mövqeyimiz ardıcıl və qətidir. Ukrayna xalqına gəlincə isə, imkanımız daxilində hər zaman kömək etməyə hazırıq. Bu barədə çox danışmaq istəmirəm. Çünki biz bunu reklam üçün etmirik. Bu da ürəkdən gələn bir addımdır. Yardımı təkcə dövlət göstərmir. Sadə insanlar da, özəl şirkətlər də bu işə qoşulurlar. Bu, vahid bir həmrəylik nümunəsidir. Çətin vəziyyətdə olan, ərazi bütövlüyü pozulan insanlara bacardığımız qədər dəstək verməyə çalışırıq”, - deyə dövlət başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar