Alimlər uzun illərdir birinci tip şəkərli diabet zamanı immun sisteminin niyə qəfil insulin istehsal edən mədəaltı vəz hüceyrələrini məhv etməyə başladığını anlamağa çalışırlar. Bu mövzuda müxtəlif nəzəriyyələr mövcuddur, lakin hələlik birmənalı cavab yoxdur. ABŞ-ın Florida Universitetinin nəzdində fəaliyyət göstərən Diabet İnstitutunun mütəxəssisləri tərəfindən aparılan yeni araşdırma bu mürəkkəb mənzərəyə mühüm bir detal əlavə edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırma zamanı məlum olub ki, immun sisteminin ilk hücumuna məruz qalanlar insulin istehsal edən beta-hüceyrələrin ən kiçik qrupları və mədəaltı vəz toxumasında səpələnmiş tək-tək hüceyrələrdir.
Alimlər hesab edirlər ki, bu proses xəstəliyin ilk klinik əlamətləri ortaya çıxmamışdan xeyli əvvəl başlayır. Müəlliflərin fikrincə, bu kiçik hüceyrə “adacıqlarının” itirilməsi xəstəliyin növbəti mərhələsinin xəbərçisi kimi çıxış edir. Məhz bundan sonra immun sistem daha böyük və həyati əhəmiyyətli beta-hüceyrə toplularını, Langerhans adacıqlarını məhv etməyə başlayır.
Tədqiqatın rəhbəri Kliv Uosserfall bildirib ki, hüceyrələrin məhv edilmə ardıcıllığı alimləri təəccübləndirib. Hazırda mütəxəssislər yalnız ehtimal edə bilirlər ki, niyə məhz kiçik strukturlar daha tez zərər görür. Onun sözlərinə görə, əgər gələcəkdə Langerhans adacıqlarını qorumaq mümkün olarsa, xəstəliyin inkişafını ləngitmək üçün yeni imkanlar yarana bilər.
Birinci tip diabetin necə formalaşdığını daha yaxşı anlamaq, hələ tam müalicə mümkün olmasa belə, onunla mübarizə üçün yeni strategiyaların qurulmasına kömək edir. Bu kəşf gələcəkdə xəstəliyin daha erkən mərhələdə aşkarlanmasına və vaxtında müdaxilə etməklə irəliləmənin yavaşladılmasına şərait yarada bilər.
Maraqlıdır ki, beta-hüceyrələrin kiçik qrupları elmi araşdırmalarda nadir hallarda diqqət mərkəzində olur. Ənənəvi olaraq tədqiqatlar əsasən Langerhans adacıqlarına yönəlib. Lakin diabet araşdırmaları üçün dünyanın ən böyük mədəaltı vəz toxuması arxivindən götürülən nümunələrin təhlili göstərib ki, məhz kiçik hüceyrə qrupları ilk olaraq yox olur, iri adacıqlar isə müəyyən müddət demək olar ki, zədələnmədən qalır.
Alimlər hesab edirlər ki, bu fakt uşaqlarda xəstəliyin niyə daha sürətlə inkişaf etdiyini, böyüklərdə isə bəzən insulin istehsalının uzun müddət qorunub saxlanıldığını izah edə bilər.