Mütəxəssislər iddia edir ki, cəmi 20 saniyə bir ayaq üstə dayanmaqla orqanizmin vəziyyəti haqqında çox şey öyrənmək mümkündür. Bu təəccüblü görünsə də, aparılan araşdırmalar bu sadə testin ümumi sağlamlıq üçün faydalı indikator ola biləcəyini təsdiqləyir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, alimlərin fikrincə, 20 saniyə ərzində bir ayaq üstə tarazlığı saxlamaq beynin fəaliyyətini qiymətləndirməyə kömək edə bilər. Bu hərəkət bir neçə əzələ qrupunu işə salır və yaxşı hərəkət koordinasiyası tələb edir.
Yaponiyada aparılan tədqiqatlara görə, 20 saniyə bir ayaq üstə dayana bilməyən insanlarda beyinə qan axınının pozulması riski ola bilər. Bu vəziyyət çox zaman nəzərə çarpmayan, lakin sağlamlığa ciddi təsir göstərən mikroinsultlarla nəticələnə bilər. Məlumatlara əsasən, testi keçə bilməyən insanların təxminən 35 faizində bu cür pozuntular aşkarlanır.
Balansın yaxşılaşdırılması üçün gündəlik məşqlər
Mütəmadi olaraq balans məşqlərinin, o cümlədən bir ayaq üstə dayanma hərəkətinin yerinə yetirilməsi ayaqları möhkəmləndirir, koordinasiyanı yaxşılaşdırır və xüsusilə yaşlandıqca yıxılmaların qarşısını alır. Sadə görünsə də, bu məşqin davamlı icrası ümumi fiziki formanın yaxşılaşmasına və nevroloji pozuntuların riskinin azalmasına kömək edir.
2019-cu ildə aparılan araşdırmaya əsasən, balans məşqləri təkcə tarazlığı deyil, həm də hərəkət çevikliyini, reaksiya sürətini, əzələ gücünü, çəki nəzarətini,ümumi həyat keyfiyyətini yaxşılaşdırır.
Bununla yanaşı, balansın inkişafı üçün yoga və pilates kimi məşqlər də tövsiyə olunur. Digər faydalı fəaliyyətlərə pilləkənlə qalxma, rəqs etmək, barmaq ucları və ya daban üstə yerimə daxildir.
Balans məşqləri yalnız fiziki deyil, həm də idrak funksiyalarına müsbət təsir göstərir, hərəkətləri daha yaxşı idarə etməyə, koordinasiyanı gücləndirməyə və zədələnmə riskini azaltmağa kömək edir. Əgər 20 saniyə tarazlığı saxlamaq mümkün olmursa, həkimlə məsləhətləşərək daha ətraflı müayinə keçmək tövsiyə olunur.