Melburn Universitetinin alimlərinin yeni araşdırması COVID-19, respirator sinsitial virus (RSV) və qrip kimi geniş yayılmış respirator virusların böyüklər arasında qısamüddətli ürək-damar hadisələri, xüsusilə infarkt və insult riskinin artması ilə əlaqəli olduğunu ortaya qoyub.
Lent.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, araşdırma çərçivəsində alimlər 48 yüksək keyfiyyətli tədqiqatın nəticələrinə əsaslanan sistematik baxış və metaanaliz həyata keçiriblər. Məqsəd laboratoriya tərəfindən təsdiqlənmiş virus infeksiyalarının infarkt və insult kimi kəskin ürək-damar hadisələrinin inkişafında oynadığı rolu qiymətləndirmək olub.
Melburn Universitetinin əməkdaşı Tu Nguyen bildirib: “İndiyə qədər diqqət əsasən qrip virusuna yönəldilmişdi, lakin əldə etdiyimiz nəticələr göstərir ki, digər respirator viruslar da infarkt və insult üçün təsiredici rol oynaya bilər”.
Tədqiqat nəticələri göstərir ki, ümumi tənəffüs yolu infeksiyaları kəskin ürək-damar hadisələrinin başvermə ehtimalını artıra bilər, lakin bu riskin səviyyəsi müxtəlif viruslar arasında dəyişir. Dünya miqyasında ürək tutmaları və insultlar vaxtından əvvəl ölümün əsas səbəbləri olaraq qalır.