Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti mövzusu bel ağrıları ilə bağlıdır.
Müasir dövrdə ən böyük problemlərdən biri fiziki passivlikdir. Belə ki, artıq bəzi işlər onlayn şəkildə həll edilir, ictimai nəqliyyat əlçatandır, insanlar həyatlarının böyük hissəsini oturaq vəziyyətdə keçirirlər. Əvvəlki illərlə müqayisədə bel ağrıları şikayətləri və bel ağrısı ilə müşaiyət olunan xəstəliklər xeyli cavanlaşıb. Bunun səbəbi ilk növbədə dayaq-hərəkət sistemində biomexanik pozuntuları, degenerativ dəyişikliklərin geniş yayılmasını, orqanizmdə durğunluğu hesab etmək olar.
Bel ağrıları zamanı nə etmək lazımdır?
Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nevroloq Mərziyyə Məmmədova danışıb.
Onun sözlərinə görə, diaqnostika bel ağrılarında vacib məsələdir və nəticədən asılı olaraq fərdi müalicə üsulu təyin edilir:
"İlk növbədə nevroloji müayinə aparılır və pasientə əyani baxış keçirilir. Bu zaman onun yerişi, hərəkətlərinin həcmi, əzələ gücü, tonusu, ağrı dərəcəsi, fizioloji və patoloji refleksləri və hissiyatı yoxlanılır.
Bundan sonra lokal olaraq zədələnmə səviyyəsi və instrumental diaqnostik müayinə metodu seçilir. Lakin praktikada əksər hallarda bel ağrısı olan kimi pasientlərin həkim məsləhəti olmadan rentgen, maqnit rezonans və kompyuter tomoqrafiya müayinəsindən keçməsinin şahidi oluruq. Nəticədə müayinə lazımsız yerə aparılır.
Bəzən isə təsadüfən tapılan və nevroloji təzahür verməyən yüngül protruziyalar zamanı pasientlər bütün şikayətlərinin səbəbini neyrogörüntüləmə müayinəsinin cavabında görürlər. Halbuki, nevroloji təzahürü olmayan, şikayət verməyən təsadüfi tapıntılar (insidentalomalar) müalicə tələb etmir.
Neyrogörüntüləmə ilə yanaşı, diaqnozun dəqiqləşməsi üçün EMQ (Elektromioqrafiya) müayinəsi də aparıla bilər. Bu zaman sinir-əzələ sisteminin obyektiv qiymətləndirilməsi aparılır".