Həkimlər xəbərdarlıq edirlər ki, əsrlər boyu faydalı və dadlı məhsul sayılan kərə yağı hər kəs üçün təhlükəsiz deyil. Müasir tədqiqatlar göstərir ki, bəzi insanlar üçün bu məhsul hətta az miqdarda belə sağlamlıq riski yarada bilər.
Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə, kərə yağı yüksək miqdarda doymuş yağlar ehtiva etdiyindən müəyyən xəstəliklər zamanı orqanizmə ciddi zərər verə bilər.
Kərə yağını qətiyyən yeməməli olan şəxslər
Pis xolesterini çox yüksək olan şəxslər.
Kərə yağı doymuş yağlarla zəngindir və bu yağlar qanda “pis” xolesterinin səviyyəsini artırır. Xolesterin damar divarlarında yığılıb ateroskleroz riskini yüksəldə bilər. Belə insanlarda gündə cəmi bir çay qaşığı yağ belə vəziyyəti ağırlaşdıra bilər.
Ürək-damar xəstəlikləri olanlar.
İşemik ürək xəstəliyi, stenokardiya, infarkt keçirmiş şəxslər və ya arterial hipertoniyadan əziyyət çəkənlər üçün kərə yağı tövsiyə edilmir. Bu məhsul ürəyə düşən yükü artırır və yeni xolesterin lövhələrinin yaranmasına şərait yaradır.
Qaraciyər xəstəlikləri və yağ mübadiləsi pozğunluğu olanlar.
Qaraciyərin yağlanması və ya lipid mübadiləsinin pozulması zamanı kərə yağı orqanizm üçün əlavə yükə çevrilir. Qaraciyər artıq yağı emal etməkdə çətinlik çəkir və xəstəliyin gedişi pisləşə bilər.
Artıq çəkisi və ya piylənməsi olanlar.
Kərə yağı çox kalorilidir, 100 qramında təxminən 750 kkal var. Kiçik miqdar belə sürətlə çəki artımına səbəb ola bilər. Bu səbəbdən dietoloqlar piylənmə zamanı ilk növbədə məhz bu məhsulun rasiondan çıxarılmasını məsləhət görürlər.
Kərə yağını nə ilə əvəz etmək olar?
Əgər kərə yağı sizə uyğun deyilsə, həkimlər onu daha təhlükəsiz alternativlərlə əvəz etməyi tövsiyə edirlər: soyuq sıxım zeytun yağı; avokado; yunan yoqurtu; qoz-fındıq və ya toxum pastaları.
Bu məhsullar orqanizmi faydalı yağlarla təmin edir və ürək-damar sistemi üçün daha təhlükəsiz hesab olunur. Mütəxəssislər vurğulayırlar ki, düzgün yağ seçimi sağlam qidalanmanın əsas şərtlərindən biridir.