Siqaret tüstüsünün ağciyərlərə vurduğu zərər çox vaxt illərlə hiss olunmur. Lakin bu müddət ərzində orqanizmdə geri qaytarılması mümkün olmayan dəyişikliklər baş verir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, tibb mütəxəssisləri hazırladıqları kompüter simulyasiyası ilə siqaret çəkdikcə ağciyərlərdə yaranan gizli dağıntıları nümayiş etdiriblər.
Ağciyər toxuması bərpa olunmur
Simulyasiyada sağlam ağciyərlərin siqaret tüstüsünün təsiri altında necə dəyişdiyi əks olunub. Mütəxəssislərin sözlərinə görə, tütün tüstüsünün tərkibindəki zərərli maddələr qısa müddətdə ağciyərlərdə toplanmağa başlayır və toxumaların üzərində qara, yapışqan qat əmələ gətirir.
Tütün asılılığının müalicəsi üzrə mütəxəssis Maher Karam-Heyc bildirib ki, insanların düşündüyünün əksinə, ağciyərlərə ən böyük ziyanı nikotin deyil, siqaret tüstüsündə olan qətran vurur.
Onun sözlərinə görə, insan orqanizmində bir çox toxuma zamanla özünü bərpa edə bilir. Sınıq sümük sağalır, dəri yaraları bağlanır, hətta qaraciyər müəyyən hallarda yenilənə bilir. Ancaq məhv olmuş ağciyər toxuması bir daha bərpa olunmur.
Mütəxəssis qeyd edib ki, bu dəyişikliklər uzun müddət heç bir əlamət vermədiyi üçün siqaret çəkən insanlar təhlükəni hiss etmirlər. Xəstəlik özünü göstərdiyi vaxt isə artıq xroniki obstruktiv ağciyər xəstəliyi inkişaf etmiş olur və itirilmiş funksiyanı geri qaytarmaq mümkün olmur. Bəzi xəstələr ömürlərinin sonuna qədər oksigen aparatından istifadə etməyə məcbur qalırlar.
Siqareti tərgitdikdən sonra orqanizmdə nə baş verir?
Böyük Britaniyanın Bupa tibb təşkilatının məlumatına görə, siqaret çəkmək insanın ömrünü orta hesabla 10 il qısaldır. Həmçinin 40 yaşdan sonra siqaret çəkilən hər il ömürdən təxminən 3 ay aparır və infarkt riskini artırır.
Bununla yanaşı, mütəxəssislər bildirirlər ki, siqaretdən imtina etdikdən sonra orqanizmdə müsbət dəyişikliklər çox qısa müddətdə başlayır.
Son siqaretdən cəmi 20 dəqiqə sonra nəbz və arterial təzyiq normallaşmağa başlayır.
48 saat sonra qanda karbonmonoksidin səviyyəsi xeyli azalır, ağciyərlər selikdən təmizlənməyə başlayır. Bunun nəticəsində iybilmə və dadbilmə hissi də tədricən yaxşılaşır.
İki həftə sonra qan dövranı yaxşılaşır, nəfəs alma asanlaşır və ağciyərlərin fəaliyyəti nəzərəçarpacaq dərəcədə bərpa olunur.
Bir ildən sonra infarkt riski təxminən iki dəfə azalır. Siqaretdən imtinanın 10-cu ilində isə ağciyər xərçəngindən ölüm riski siqaret çəkməyə davam edən insanlarla müqayisədə təxminən 50 faiz aşağı olur.
Mütəxəssislər vurğulayırlar ki, siqaretin ağciyərlərə vurduğu zərərin bir hissəsi geri dönməz olsa da, bu vərdişdən nə qədər tez imtina edilərsə, gələcəkdə ağır xəstəliklərin yaranma riski də bir o qədər azalır.