Alimlər bağırsaqdakı bakteriyaların xolin adlı qida maddəsindən hazırladığı TMA adlı molekulun insulinə qarşı rezistentliyi azalda bildiyini müəyyən ediblər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya görə, TMA bədəndə iltihabı gücləndirən əsas zülallardan biri olan IRAK4-ü bloklayır. Nəticədə xroniki iltihab azalır və qanda şəkərin idarəsi yaxşılaşır.
Hüceyrə və heyvanlar üzərində aparılan təcrübələr göstərib ki, TMA bu zülala birbaşa bağlanaraq onun yağlı qidaya qarşı həddindən artıq reaksiya verməsinin qarşısını alır. Bu reaksiya isə zamanla insulinə qarşı rezistentliyə səbəb olur.
Tədqiqatçılar bildirirlər ki, IRAK4-ü dərman vasitəsilə bloklamaq da TMA-nın təsirinə bənzər müsbət nəticələr verir. Bu da göstərir ki, molekulun faydası müxtəlif yollarla əldə oluna bilər.
Alimlərin fikrincə, bu kəşf bağırsaq mikroblarının roluna dair təsəvvürləri dəyişir. Məlum olur ki, mikrobların istehsal etdiyi bəzi maddələr ziyanlı yox, əksinə, sağlamlıq üçün qoruyucu ola bilər.
Mütəxəssislər gələcəkdə diabetin müalicəsi üçün iki yol görürlər:TMA-nın təbii şəkildə artmasını təmin edən qidalanma, IRAK4-ü bloklayan yeni dərmanların hazırlanması.