Mütəxəssislər MV Hondius gəmisində hantavirusun yayılmasını diqqətlə izləyirlər. Bununla bağlı mayın 19-u vəziyyətin inkişafında əsas tarix hesab olunur. Həmin günə qədər gəmidən kənarda infeksiyanın üçüncü nəsil yoluxmalarının ortaya çıxıb-çıxmayacağı bəlli ola bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hazırda 10 yoluxma faktı təsdiqlənib. İndiyədək gəmidə olmayan şəxslərdə virus aşkarlanmasa da, uzun inkubasiya dövrünə görə mütəxəssislər yeni yoluxma ehtimalını istisna etmirlər.
Amerikalı həkim və tədqiqatçı Stiven Kuəy bildirib ki, ikinci nəsil yoluxmalarda əlamətlər orta hesabla infeksiya mənbəyi ilə təmasdan 22 gün sonra ortaya çıxıb. Onun sözlərinə görə, bu müddət dəyişməz qalarsa, üçüncü nəsil yoluxmalar təxminən mayın 19-u ətrafında qeydə alına bilər.
Daha əvvəl Argentinada yayılan Andes hantavirus ştamı zamanı əlamətlərin 22-28 gün ərzində üzə çıxdığı qeyd olunub.
Xüsusi narahatlıq doğuran məqamlardan biri isə təxminən 29 sərnişinin virus aşkarlanmadan əvvəl gəmini tərk etməsidir. Həmin şəxslərin sonradan yüzlərlə insanla təmasda ola biləcəyi bildirilir.
Mütəxəssislərin sözlərinə görə, virus əsasən yaxın təmas və bioloji mayelər vasitəsilə ötürülür. Buraya öpüşmə, birgə yemək və ortaq əşyalardan istifadə daxildir. Bununla belə, ekspertlər geniş ictimaiyyət üçün riskin hələ də aşağı səviyyədə qaldığını vurğulayırlar.
Əgər mayın 19-dan sonra yeni üçüncü nəsil yoluxmalar qeydə alınmasa, növbəti mühüm tarix iyunun 21-i olacaq. Həmin vaxt maksimum inkubasiya dövrü başa çatacaq və mütəxəssislər epidemiyanın sona çatdığını elan edə bilərlər.