İnfarkt keçirənlər illərdir bu dərmanları içir: faydasız imiş
27 may 2026 18:56 (UTC +04:00)

İnfarkt keçirənlər illərdir bu dərmanları içir: faydasız imiş

0

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, beta-blokatorlar ürəyin funksiyası qorunub saxlanılan və yüngül miokard infarktı keçirmiş xəstələr üçün gözlənilən faydanı verməyə bilər. Araşdırmanın nəticələri “European Heart Journal”da (EHJ) dərc olunub.

Lent.az xarici mediaya istinadla bildirir ki, beta-blokatorlar artıq on illərdir infarktdan sonrakı müalicənin standart hissəsi hesab olunur. Bu preparatlar ürəyə düşən yükü azaldır, ürək əzələsinin oksigen tələbatını aşağı salır və ritm pozğunluqlarının qarşısını almağa kömək edir.

Lakin son illərdə müalicə yanaşmaları dəyişib. Hazırda tutulmuş damarlar tez bir zamanda açılır, xəstələrə isə statinlər, antiagreqantlar və digər effektiv preparatlar təyin olunur. Bu isə alimləri köhnə müalicə üsullarının roluna yenidən baxmağa vadar edib.

Tədqiqata İspaniya və İtaliyadakı 109 xəstəxanadan ümumilikdə 8505 pasiyent daxil edilib. Xəstəxanadan çıxdıqdan sonra bəzi iştirakçılar beta-blokator qəbul etməyə davam edib, digərlərinə isə bu preparatlar təyin olunmayıb. Bütün xəstələr eyni zamanda müasir standart müalicə alıblar. Orta müşahidə müddəti təxminən dörd il olub.

Araşdırma göstərib ki, ürəyin nasos funksiyası qorunub saxlanılan xəstələrdə beta-blokatorlar ölüm, təkrar infarkt və ya ürək çatışmazlığı səbəbindən hospitalizasiya riskini azaltmayıb.

Tədqiqat rəhbəri, Valentin Fuster bildirib: “Bu araşdırma beynəlxalq klinik tövsiyələri dəyişdirəcək”. O, həmçinin “Mount Sinai Fuster Heart Hospital”ın prezidenti və İspaniyanın Milli Ürək-Damar Araşdırmaları Mərkəzinin baş direktoru vəzifəsini icra edir.

Müəlliflərin hesablamalarına görə, hazırda yüngül infarkt keçirmiş xəstələrin 80 faizindən çoxu beta-blokator təyinatı ilə evə buraxılır. Əgər gələcək araşdırmalar bu dərmanların faydasızlığını təsdiqləsə, bu, lazımsız təyinatların azalmasına və yorğunluq, bradikardiya (ürək ritminin həddən artıq yavaşıması), eləcə də seksual funksiyanın pozulması kimi yan təsirlərin riskinin aşağı düşməsinə səbəb ola bilər.

Əlavə təhlillər daha bir məqamı üzə çıxarıb: infarktdan sonra beta-blokator qəbul edən qadınlarda ölüm, təkrar infarkt və ya ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilmə riski bu terapiyanı almayan qadınlarla müqayisədə daha yüksək olub. Bu təsir xüsusilə ürəyin funksiyası tam qorunmuş qadınlarda (ejeksiya fraksiyası ən azı 50 faiz olan pasiyentlərdə) daha aydın müşahidə edilib. Kişilərdə isə belə əlaqə aşkarlanmayıb.

Bununla belə, tədqiqat müəllifləri vurğulayırlar ki, nəticələr xəstələrin dərmanları özbaşına dayandırmalı olduğu anlamına gəlmir. Beta-blokatorlar xüsusilə ürək funksiyası zəifləmiş və digər tibbi göstərişləri olan insanlar üçün hələ də mühüm müalicə vasitəsi sayılır.

Alimlərin fikrincə, gələcək klinik tövsiyələr infarktdan sonrakı müalicədə bütün xəstələrə eyni yanaşmadan imtina edib, daha fərdiləşdirilmiş terapiya modelinə keçə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar