Sağlamlığa nə qədər tez qayğı göstərməyə başlansa, bir o qədər uzun müddət aktiv qalmaq və xroniki xəstəliklərin qarşısını almaq mümkündür. Uzun illərdir ki, həkimlər kişilərdə ən ciddi xroniki xəstəliklərin hansı yaşdan sonra üzə çıxdığını araşdırmağa çalışırdılar. ABŞ və Finlandiyadan olan terapevtlər bu suala daha dəqiq cavab verməyi bacarıblar.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Texas Sağlamlıq Mərkəzi və Helsinki Universitet Xəstəxanasının birgə araşdırmasına görə, kişilər üçün ən həssas dövr 40–60 yaş aralığıdır.
Bu yaşlarda ürək-damar xəstəlikləri tez-tez kəskinləşir, nevroloji pozuntular meydana çıxır və ilk autoimmun xəstəliklərin əlamətləri görünməyə başlayır. Bu dövrdə müntəzəm sağlamlıq nəzarəti xüsusilə vacib sayılır.
Araşdırma zamanı alimlər COVID-19 pandemiyasının təsirinə xüsusi diqqət yetiriblər. Pandemiya orta yaşlı, xroniki xəstəlikləri olan kişilər üçün riski daha da artırıb. Əvvəldən əhəmiyyətsiz görünən sağlamlıq pozuntuları ciddi fəsadlara səbəb ola bilər.
Qadınlarda isə bu dəyişikliklər bir qədər erkən – 30 yaşından sonra başlayır. Bu, estrogen səviyyəsinin azalması və reproduktiv funksiyaların zəifləməsi ilə bağlıdır. Hormonların dəyişməsi osteoporoz, yaşla bağlı katarakta, metabolik pozuntular və bəzi prekanseroz (xərçəngəqədərki) vəziyyətlərin yaranma riskini artırır.
Nə etməli? Müntəzəm tibbi yoxlanışlar əsas profilaktik vasitədir.
Kişilər üçün 40 yaşdan sonra vacib analizlər və nəzarət:
Qan təzyiqi və nəbzin izlənməsi, xolesterin və qan şəkərinin səviyyəsi, ürək fəaliyyətinin yoxlanması, tez-tez baş ağrısı, yorğunluq və ürək ritmində pozuntu kimi simptomlara diqqət yetirilməsi.
Qadınlar üçün 30 yaşdan sonra tövsiyələr:
Hormon səviyyələrinin izlənməsi (estrogen, progesteron və s.), ginekoloq, endokrinoloq və oftalmoloq müayinələri, sümük sıxlığının (osteoporoz riski) yoxlanılması
Xəstəliklərin qarşısını almaq üçün gündəlik vərdişlər nələr olmalıdır?
Qidalanmanın düzgün qurulması: Rafinə olunmuş şəkər, artıq duz və transyağlardan imtina edin. Meyvə, tərəvəz, tam taxıllar və sağlam yağlar rasionda üstünlük təşkil etməlidir.
Müntəzəm fiziki aktivlik: Həftədə ən azı 3 dəfə – gəzinti, üzgüçülük, yoga və ya rəqs faydalıdır.
Pis vərdişlərdən uzaq durun: Siqaret çəkməkdən və alkoqoldan (xüsusilə orta və yaşlı dövrdə) imtina uzunömürlülüyə töhfə verər.
Yuxuya və stressə nəzarət: Keyfiyyətli yuxu, stressin idarə olunması və psixoloji sağlamlıq da fiziki vəziyyətə birbaşa təsir edir.
Çəkiyə nəzarət: Artıq çəki bir çox xəstəliyin əsas səbəblərindən biridir.