Son həftələrdə rinovirus, yəni çoxlarının “adi soyuqdəymə” adlandırdığı infeksiya daha aktiv şəkildə yayılır.
Lent.az xəbər verir ki, məhz indi tənəffüs yolları infeksiyalarının artması üçün ideal şərait mövcuddur.
Uşaqlar məktəbə qayıdıb.
Tədris ilinin başlaması ilə uşaqlar bir-biri ilə yenidən təmasda olur və bir neçə həftə görmədikləri dostlarından yeni mikroblar alırlar.
Böyüklər yenidən ofislərə dönüb.
Yay tətilindən sonra işə qayıdan böyüklər arasında da mikrob dövriyyəsi artır.
Daha çox qapalı məkanda vaxt keçirmək.
Havanın soyuması ilə insanlar daha çox ev və ofis kimi az havalanan məkanlarda qalırlar ki, bu da virusların asan yayılmasına səbəb olur.
Həkim professor Bollun sözlərinə görə, bu hallar hər payız mövsümündə təbii şəkildə müşahidə olunur: “Bu, normaldır, axı payızdır,” – deyə o bildirib. Həmçinin o əlavə edib ki, hazırda “çoxlu sayda virus növləri” dövriyyədədir və insanların immun sistemi bir qədər zəiflədiyindən xəstəliklər artmaqdadır.
Niyə eyni virus hər kəsdə fərqli təsir göstərir?
Tənəffüs yolları xəstəliklərinə 100-dən çox müxtəlif virus, həmçinin bəzi bakteriyalar səbəb olur. Lakin insanların bu infeksiyalara reaksiyası fərqli olur və professor Boll etiraf edir ki, bunun dəqiq səbəbi hələ tam məlum deyil.
Yaş, fiziki durum, genetik fərqlər, yorğunluq dərəcəsi və sonuncu dəfə həmin virusla təmasda olma vaxtı bu fərqlərə təsir edən amillərdən sayılır.
Panikaya düşməyin, amma ehtiyatlı olun
UKHSA-nın epidemioloqu Ceymi Lopes Bernal qeyd edir ki, hazırkı xəstələnmə səviyyəsi yüksək sayılmasa da, qrip və COVID-19 halları tədricən artır. Bu isə payız-qış mövsümü üçün adi haldır.
Mütəxəssis insanları qış peyvəndlərini vaxtında etdirməyə çağırır və xəstələnənlər üçün aşağıdakı tövsiyələri verir:
Əllərinizi mütəmadi olaraq yuyun, xüsusilə öskürüb və ya asqırdıqdan sonra. İmkan varsa, evdə qalın və istirahət edin, kütləvi yerlərə çıxmalı olsanız, tibbi maska taxmağı düşünün.
Professor Boll əlavə edib ki, bəzən yoluxma orqanizm üçün tam da mənfi deyil. Bu, təbii immunitetin formalaşmasına kömək edə bilər. Lakin o, xüsusilə yaşlı və zəif immun sisteminə malik insanların qorunmasının vacibliyini vurğulayıb.