Yuxusuz keçən bir gecədən sonra bədəni və zehni bərpa etmək çətin görünə bilər. Lakin bu vəziyyətdən çıxış yolları mövcuddur və düzgün yanaşma ilə orqanizminizə tez bir zamanda kömək edə bilərsiniz.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, təkcə yaxşı yatmaq deyil, yuxudan sonra necə hərəkət etmək də bərpa prosesində mühüm rol oynayır.
Niyə yuxu bu qədər vacibdir?
Professor Reyçel Salas bildirir ki, yuxu yaddaş, diqqət və ümumi beyin funksiyaları üçün həyati əhəmiyyət daşıyır. Hətta bircə gecə pis yatmaq immun sisteminizə, metabolizmaya və əhvalınıza mənfi təsir edə bilər. ABŞ Milli Sağlamlıq İnstitutu gündə 7-9 saat yuxu tövsiyə edir.
Pis bir gecədən sonra necə tez bərpa olunmalı?
1. Müsbət düşüncə ilə başlayın
"Yenə də pis yatacam" kimi düşüncələr yuxusuzluğu daha da dərinləşdirə bilər. Beyin plastisliyi yəni beynin yeni vərdişlərə uyğunlaşma qabiliyyəti sizə təsdiq edir ki, özünüzə “yuxunu sevirəm” və “bu gecə gözəl yatacam” deməklə belə nəticəni formalaşdıra bilərsiniz.
2. Qısa mürgü ilə enerjini bərpa edin
Əgər gecə bir qədər yatmısınızsa, gün ərzində 20 dəqiqəlik yuxu beynin “yuxu borcunu” qismən bağlaya bilər. Əgər tamamilə oyaq qalmısınızsa, 90 dəqiqəlik mürgü daha uyğun olar. Lakin bu yuxunu gecə yatmazdan əvvəl deyil, günortadan əvvəl və ya erkən saatlarda planlamaq məsləhətdir.
3. Gün işığına çıxın
Günəş işığı serotonin hormonunun ifrazını artırır, bu hormon isə həm əhvalı yüksəldir, həm də axşamlar melatonin ifrazını stimullaşdırır. Təbii işıq altında qısa bir gəzinti belə kofe qədər enerjiverici təsir göstərə bilər.
4. Fiziki aktivlik edin
Ağır idman növləri yuxusuz gecədən sonra yorğunluğunuzu artıra bilər. Əvəzində orta intensivlikdə idman – məsələn, yüngül yoga bədəni hərəkətə gətirib stresi azaldaraq daha yaxşı yuxuya şərait yarada bilər.
5. Kofeindən düzgün istifadə edin
Əgər çox halsızsınızsa, bir fincan qəhvə içmək olar. Lakin onu birdəfəyə içmək əvəzinə, tədricən və yavaş içmək daha faydalıdır. İdeal olaraq, saatda təxminən 60 ml-lik dozalarla qəbulu məsləhət görülür.
6. Axşam daha tez yatın
Bərpa prosesi üçün həmin gecə yatma vaxtınızı 15–30 dəqiqə erkənə çəkmək müsbət təsir göstərir. Bu, bədəni tezliklə normal rejimə qaytarmağa kömək edəcək.