Alman mütəxəssisləri insanların gündəlik vərdişlərini təhlil edərək hansı davranış modellərinin xərçəng riskini artıra biləcəyini müəyyənləşdiriblər. Xarici KİV-də dərc olunan məlumatda həkimlər üç əsas vərdişi xüsusilə təhlükəli adlandırırlar. Məlumdur ki, bədxassəli şişlər çox vaxt zərərli vərdişlər fonunda yaranır. Siqaret, artıq çəki və hərəkətsiz həyat tərzi uzun illərdir əsas risk faktorları kimi tanınır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, alimlər daha az nəzərə çarpan səbəblərə də diqqət çəkirlər. Onlardan birixüsusilə axşam saatlarında smartfonlardan həddindən artıq istifadə etməkdir.
Axşam ekran oxusunun təhlükəsi
Yatmazdan əvvəl ekrandan oxumağı sevənlər xüsusi risk qrupuna daxildir. Çünki qadcetlərin mavi işığı melatoninin bioloji ritmləri tənzimləyən və hüceyrələri zədələrdən qoruyan hormonun ifrazını azaldır. Melatonin çatışmazlığı bir çox tədqiqatlarda şiş proseslərinin yaranma ehtimalının artması ilə əlaqələndirilir.
Təyyarədə illüminator yanındakı yerlər niyə risklidir?
Uçuş zamanı pəncərə tərəfdə oturmağı sevənlər də əlavə risk daşıyır. Çünki təyyarə şüşəsindən UVA şüalanmasının təxminən yarısı keçir. Bu şüalar fotoyaşlanmaya, dəriyə dərin zədələrə və melanoma daxil olmaqla dəri xərçəngi riskinin yüksəlməsinə səbəb ola bilər.
Çox isti içki və yeməklərin təhlükəsi
Üçüncü zərərli vərdiş həddindən artıq isti içkilər və yeməklərin qəbulu. Çayın və ya şorbanın temperaturu 65 °C-dən yüksək olduqda, isti maye qida borusunun selikli qişasını qıcıqlandırır və mikrozədələr yaradır. Bu zədələrin mütəmadi təkrarlanması xüsusilə qida borusu xərçəngi riskini artırır.
Əlavə məlumat: stress, yuxusuzluq və alkoqol da riski yüksəldir
Müasir tədqiqatlar göstərir ki, xroniki stress və yuxusuzluq da orqanizmin müdafiə qabiliyyətini zəiflədir. Yuxu pozuntuları bədənin bərpa proseslərini ləngidir və immun sisteminin işini pisləşdirir. Bundan başqa, az miqdarda belə alkoqol istifadəsi uzun müddətdə şiş xəstəliklərinin ehtimalını artırır.
Həkimlər xərçəng risklərini azaltmaq üçün müntəzəm fiziki aktivlik, kifayət qədər və keyfiyyətli yuxu, balanslı və qidalandırıcı qidalanma tövsiyə edirlər.