Ankara-İrəvan yaxınlaşması:  Azərbaycanı məyus edən addımlar...
18 iyun 2025 14:31 (UTC +04:00)

Ankara-İrəvan yaxınlaşması: Azərbaycanı məyus edən addımlar...

Son günlər qardaş Türkiyə Can Azərbaycanı məyus etməkdə davam edir...

Bir neçə gün əvvəl Türkiyənin bəzi media qurumlarında İsrail-İran münaqişəsinə həsr olunan müzakirələrdə Azərbaycana qarşı açıq-aşkar propaqanda aparılmasını və həqiqətə uyğun olmayan yalan məlumatların yayılmasını təəssüf hissi ilə qeyd etmişdik.

Türkiyə-Ermənistan yaxınlaşması

Türkiyə mediasına nəzər saldıqda insanda belə bir təəssürat yaranır ki, sanki qardaş ölkənin bəzi media qurumları erməni telegram kanalları ilə birləşib İsrail mövzusunda Azəbaycana qarşı bilərəkdən qərəzli məlumatlar yayırlar. Bu da azmış kimi indi də Türkiyə-Ermənistan yaxınlaşması gündəm olub...

Bunun ardınca da Türkiyə Xarici İşlər nazirinin müavini Berris Ekinci Ankarada Ermənistan Xarici İşlər nazirinin müavini Vahan Kostanyanla görüşür. Daha sonra Ermənistanın baş naziri Paşinyanın iyunun 20-də Türkiyəyə gözlənilən səfəri və Ərdoğnala görüşü gündəmə gətirilir. Bu görüşlərin Türkiyəyə nə verəcəyi hələ məlum deyil. Lakin bizim içimizdə bir qardaş sıxıntısı var. Azərbaycanla Ermənistan arasında hələ sülhün olmadığı bir vaxtda qardaş ölkənin siyasi müstəvidə Ermənistanla diplomatik yaxınlaşma sərgiləməsi bizi necə məyus etməsin? Bəs “Bir millət, iki dövlət” devizi nə tez unuduldu?  

Tarixə nəzər salsaq görərik ki, əslində Türkiyə heç vaxt Ermənistanla diplomatik əlaqələrini kəsməyib. 1990-cı illərin əvvəllərində Türkiyə Ermənistanla sıx diplomatik əlaqələrə malik olub. Hətta Qara Dəniz Əməkdaşlıq Təşkilatına Ermənistanın gətirilməsini də Türkiyə təşkil edib.

Yalnız 1993-cü ildə Kəlbəcərin işğalından sonra bu əlaqələr rəsmi səviyyədə pozulub. Ermənistan-Türkiyə sərhədi də 1993-cü ildən, rəsmi Ankaranın öz təşəbbüsü ilə qapadılıb. Bu, bir neçə amillə – Ermənistanın Türkiyəyə qarşı israrla uydurma “soyqırım” mövzusunu qızışdırması, ona ərazi iddiası irəli sürməsi və bir də Azərbaycana qarşı təcavüzü, onun torpaqlarının işğalını davam etdirməsi ilə bağlı idi. Amma iki ölkə arasında təmaslar həmişə davam edib. Türkiyə və Ermənistan diplomatları Ankarada, Yerevanda, dünyanın ayrı-ayrı şəhərlərində müxtəlif vaxtda daim görüşüblər.

“Futbol diplomatiyası”

Hətta 2008-ci ildə iki ölkə arasında “futbol diplomatiyası” rüzgarı əsdi. Türkiyə-Ermənistan arasındakı bu hərəkətlilik 2008-ci ilin 6 sentyabrından - Türkiyə prezidenti Abdulla Gülün Ermənistan prezidenti Serj Sərkisyanın dəvəti ilə ilk dəfə olaraq İrəvana gedib futbol matçına birgə baxması ilə başladı. O, zaman da prosesə Azərbaycanın sərt müdaxiləsi qurulan planın iflasa uğraması ilə nəticələndi.

Zaman-zaman Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasına dair səslənən bəyanatlar Azərbaycanda böyük narahatlıqla qarşılanıb. Bu narahatlıqlar 2009-cu ilin mayında baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri ilə xeyli dərəcədə aradan qalxdı. Bakıdakı mətbuat konfransında o, birmənalı şəkildə bəyan elədi ki, onun ölkəsi Azərbaycan torpaqları işğaldan azad edilməyincə və iki ölkə arasında sülh olmayınca Ermənistanla sərhədləri açmayacaq: “Türkiyə heç vaxt Azərbaycanın maraqlarının ziyanına addım atmayıb və atmayacaq”.

Firuddin Sınıroğlu kimdir?

Sonrakı illərdə də zaman-zaman Türkiyə ilə Ermənistanı yaxınlaşdırmağa cəhdlər oldu. Türkiyə siyasətində bu cəhdə təşəbbüs göstərən xeyli sayda insan var. Türkiyədə erməni maraqlarının əsas lobbisti isə Xarici İşlər Nazirliyinin rəsmisi və hazırda ATƏT-in baş katibi olan Firuddin Sınıroğludur. O, açıq erməni sevdalısı, Ermənistanla yaxınlaşmaya yönəlmiş bütün təşəbbüslərin başında duran adamdır.

2009-cu ildən bəri 26 il keçib. Görünür Firuddin Sınıroğlu və onun kimi düşünənlər o tarixi və hörmətli Ərdoğanın bəyanatını unudublar. Ümid edirik ki, Azərbaycan və Türkiyə arasında nifaq salmaq istəyən qüvvələr ifşa olunacaq və növbəti bəyanata gərək qalmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1464

Oxşar yazılar